2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Poqramı” hazırlanıb
16 İyun 2016 13:48 SosialAzərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında əməkdaşlıq çərçivəsində "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Poqramı" hazırlanıb. Yeni Proqramda əksini tapan prioritetlərin, onların layiqli əmək üzrə beynəlxalq normalara uyğunluğunun, habelə Proqramın icrası yönündə görüləcək işlərin müzakirə edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və BƏT-in nümayəndələrinin iştirakı ilə konfrans keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan dövləti erməni təcavüzünün törətdiyi fəlakətləri ortadan qaldırdığı, 1 milyondan çox məcburi köçkün və qaçqının problemlərini həll etdiyi son 20 ildə çox əyani şəkildə dünyaya göstərdi. Kiçik bir ölkənin dünyada humanitar kömək istəyən 100 milyona yaxın insanın 1 faizinə qədərinin problemlərini, demək olar ki, təkbaşına həll etməsinin Azərbaycan dövlətinin, onun başçısı Prezident cənab İlham Əliyevin düzgün sosial-iqtisadi siyasətinin nəticəsində mümkün olduğu hamıya bəllidir. Bu siyasətin əsasında məhz məşğulluq və gəlirlərlə özünü təmin etmə dururdu. Nazir 2003-cü ildə ilk dəfə Prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin 5 il ərzində 600 min iş yerinin açılması vədinin tam yerinə yetirilməsinin sonrakı bütün uğurlar üçün açar rolunu oynadığını, son 12 il ərzində ÜDM-in 3,4 dəfə, əhalinin gəlirlərinin 6,5 dəfə artdığı ölkədə 1,5 milyondan çox iş yerinin açıldığını, işsizlik və yoxsulluq səviyyəsinin 5 faizədək azaldığını diqqətə çatdırıb.