Keçmiş məhkumlar hansı hüquqlara malikdirlər?
Amnistiya aktı şamil edilən məhkumlar cəmiyyətə necə adaptasiya olunacaqlar?
16 İyun 2016 12:59 SosialMilli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibəti ilə Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının icrasına iyunun 15-dən start verilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qərarın icrasının ilk günü Amnistiya aktının şamil olunduğu məhbusıardan 350-si azadlığa buraxılıb. Amnistiya aktının şamil olunduğu məhbuslardan 216-sı Bakı, 134-ü isə ölkənin digər yerlərindəki cəzaçəkmə müəssisələrindən azad ediliblər. Amnistiya aktının şamil olunduğu 350 nəfərdən 9-u qadındır. Qeyd edək ki, Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunacaqlar. Beləliklə,10 minə yaxın şəxs amnistiya aktının təsiri altına düşəcək, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək. İndi hamını düşündürən əsas məsələ ondan ibarətdir ki, sözügüdən humanitar addım nəticəsində azadlığa qovuşacaq keçmiş məhkumların sonrakı taleyi ilə bağlıdır. Maraqlıdır, bu şəxslərin təkrar cinayət törətməmələri, onların cəmiyyətə inteqrasiyası, ən nəhayət faydalı işlə məşğul olmaları istiqamətində hansı addımlar atılmalıdır? Hüquqşünas Alim Hüseynli qeyd edib ki, Aministiya aktı onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir: "28 May - Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarında birbaşa göstərilib ki, amnistiya tətbiq edilərkən məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər göstərilən qərara əlavə edilməlidir. Beləliklə, alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslərin cəzadan azad edilməsi məsələsi müalicə başa çatdıqdan sonra həll edilməlidir. Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən vərəm xəstəliyinə tutulmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınır və müalicələrini davam etdirirlər. Hüquqşünas bildirib ki, 2007-ci ilin may ayında Azərbaycanda penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyasını təmin edəcək "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun qəbul edilib: "Qanunda keçmiş məhkumların cəmiyyətə sosial adaptasiyasını təmin etmək məqsədilə bir sıra müddəalar əksini tapıb. Konkret olaraq keçmiş məhkumlara hüquqi, siyasi və mənəvi yardımın göstərilməsi bu qanunun fəlsəfəsini təşkil edir. Məlumat üçün qeyd edək ki, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının qorunması üzrə komissiyalar, dövlət təhsil və tibb müəssisələri, məşğulluq xidməti orqanları, habelə digər müəssisə və təşkilatlar cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu qanunda nəzərdə tutulan tələblərini yerinə yetirməyə borcludurlar. Sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində bələdiyyələr, fiziki şəxslər, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları könüllülük əsasında iştirak edə bilərlər". Onun sözlərinə görə, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədi ilə həyata keçirilən tədbirlər aşağıdakılardır: cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; sosial adaptasiya mərkəzləri yaratmaq; daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirmək; təhsil almalarına şərait yaratmaq; şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək. Prosedur qaydalara əsasən cəzaçəkmə müəssisələrindən azad olunmuş vətəndaşların məşğulluq xidməti orqanlarına müraciəti əsasında həmin şəxslər cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra işlə təmin olunmalarına köməklik göstərilməsi üçün müvafiq kvota üzrə iş yerlərinə göndərilir, bəziləri isə peşə hazırlığı kurslarına cəlb edilir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə təmin edilməsi sahəsində tədbirləri müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmçinin cəza çəkməkdən azad edilmiş, himayəsində 14 yaşadək uşağı olan tənha qadınların məşğulluğunun təmin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirə salınmadan həyata keçirilir. Bundan başqa, tibbi və sosial yardıma ehtiyacı olan keçmiş məhkum minimum aylıq əmək haqqının 4 misli məbləğində birdəfəlik pul müavinəti verilməlidir. Qanunvericiliyə əsasən cəza çəkmə müəssisəsindən azad edilmiş şəxsin rəsmi müraciəti əsasında əhalinin sosial müdafiəsi mərkəzlərində fəaliyyət göstərən müvafiq komissiya tərəfindən onun müavinət almaq hüququna 10 gün ərzində baxılmalı, belə bir hüquq yaranarsa, növbəti aydan ödəniş təmin edilməlidir.
Nurlan