Millət vəkili fransalı nazirlə görüşüb
16 İyun 2016 12:20 SosialMilli Məclisin deputatı Qənirə Paşayeva Fransanın Ailə, Uşaq və Qadın Haqları naziri Laurence Rossignol ilə görüşdə köçkün qadınlardan danışıb. "Olaylar" xəbər verir ki, Qənirə Paşayevanın L.Rossignol ilə görüşündə Azərbaycan-Fransa münasibətlərinin, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafı xüsusi məmnunluqla qeyd edilib. Bu münasibətlərin inkişafında Azərbaycan-Fransa parlamentlərarası Dostluq Qrupunun rəhbəri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rolu, onun Azərbaycan tarixi, mədəniyyəti və həqiqətlərinin Fransa ictimaiyyətinə daha geniş çatdırılması sahəsində gördüyü işlər xüsusi vurğulanıb. Görüş zamanı Q.Paşayeva xanım nazirə Azərbaycanda qadın haqları, qadınların cəmiyyətdə rolunun genişlənməsi istiqamətində görülən işlər barədə məlumatlar verib. O, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı məcburi köçkün qadınlar barədə də danışıb. Q.Paşayeva fransalı nazirə Azərbaycan həqiqətlərinə dair kitab və materiallar da təqdim edib. Azərbaycanla əməkdaşlığa önəm verdiklərini deyən L.Rossignol əlaqələrin daha da genişlənməsini vacib saydığını deyib.