İsmayıllıda selin yaratdığı fəsadlar aradan qaldırılır
14 İyun 2016 18:16 SosialEnişdibi kəndində 35 kilovoltluq elektrik xəttində metal anker-dayağın sel sularının təsirindən aşması nəticəsində elektrik enerjisinin verilişi dayandırılan 15 kəndə enerjinin verilişi bərpa olunub.
Kanal S (Region TV) xəbər verir ki, Talış qazpaylayıcı stansiyasından 11 kəndi qazla təchiz edən daşıyıcı kəmərin bərpası işləri hələ davam etdirilir. Artıq bir neçə kənd qazla təmin olunub. Qaraməryəm-İsmayıllı yolarının kənarlarında sel sularının gətirdiyi daş çınqılları, ağac kötükləri və zibillərin təmizlənməsi üçün ərazidə İsmayıllı rayon 7 saylı Avtomobil Yollarının Yaşıllaşdırma İdarəsinin işçi qüvvəsi çalışır.
İsmayıllının Qarakolluq, Kürdmaşı kəndində dağılan körpülərin kənarında alternativ yollar salınıb, əhalinin rayon mərkəzi ilə avtomobil əlaqəsi təmin edilib. İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən nəzarətə götürülən bir çox mənzillərdə də artıq təmir işlərinə başlanılsa da, fərdi yaşayış evlərinin sığortaları olmadığından çətinliklər yaranır.