YAP Yasamal rayon Təşkilatının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə ərazi ilk partiya təşkilatı Milli Qurtuluş günü ilə əlaqədar toplantı keçirib

YAP sıralarına qəbul olunmaq üçün müraciət edən əməkdaşlara partiyanın üzvlük vəsiqələri təqdim olunub

15 İyun - Milli Qurtuluş günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon Təşkilatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının toplantısı keçirilib.  Tədbirdə nazirliyin Aparatının rəhbəri, ərazi ilk partiya təşkilatının sədri Əjdər Cəbiyev ilk növbədə iclas iştirakçılarını 15 İyun - Milli Qurtuluş günü münasibəti ilə təbrik edib.

Ə.Cəbiyev vurğulayıb ki, Milli Qurtuluş günü xalqımız və dövlətimiz üçün böyük məna kəsb edən, hər bir azərbaycanlıda sonsuz qürur hissi doğuran bir bayramdır. 1993-cü ilin iyununda-Azərbaycanın taleyinin olduqca çətin bir dönəmində Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı müasir tariximizin şərəfli səhifələrindən biridir. Ulu öndərimizin siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, misilsiz xidmətləri o zaman dövlət müstəqilliyimizin təhlükələrdən xilas edilməsinə, vətəndaş qarşıdurmasının aradan qalxmasına, respublikanın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə səbəb oldu. 1993-2003-cü ildə Azərbaycanda bütün sahələrdə uzunmüddətli inkişafın etibarlı təməli formalaşdırıldı.

Son 13 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin uğurlarından bəhs edən Ə.Cəbiyev bu gün sabitlik və inkişaf məkanı olan Azərbaycanın eyni zamanda dünya birliyində fəal mövqeyi və daim artan nüfuzu ilə seçildiyini diqqətə çatdırıb. O bildirib ki, Ulu öndərimizin qurucusu olduğu YAP yarandığı vaxtdan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sosial-iqtisadi inkişaf proseslərində daim yaxından iştirakı ilə seçilir. Cəmiyyətin dərin etimadını qazanan, yalnız ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatı olan YAP-ın sıraları da daim genişlənir.

Toplantıda digər çıxış edənlər Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, respublikanın hərtərəfli inkişafı, həmçinin ölkədə sosial inkişafın təmin edilməsi istiqamətində xidmətlərindən bəhs ediblər.

Daha sonra YAP Yasamal rayon təşkilatının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının ötən dövrdə gördüyü işlər barədə məlumat verilib. Təşkilatın üzvlərinin siyasi əqidələrinə daim sadiq qalaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdikləri, eyni zamanda öz vəzifələrinin icrası işlərini layiqli səviyyədə yerinə yetirdikləri vurğulanıb.

Nazirliyin Aparatı və struktur bölmələri üzrə YAP-a üzv qəbul olunmaq üçün ərizə ilə müraciət etmiş 10 nəfər əməkdaşa Partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Toplantı ərazi ilk partiya təşkilatının fəaliyyətinə dair cari məsələlərin müzakirəsi ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00