İslamda vətənpərvərlik anlayışı

Vətənpərvərlik ülvi bir hiss olduğundan bütün yazılı mənbələrdə,  dinlərdə və məzhəblərdə bu amilə xüsusi diqqət yetirilib, Vətənin müdafiəsi, onun qorunması vacib hesab olunub. Elə İslam dinində də vətənpərvərlik anlayışı yüksək tutulur. Təsadüfi deyil ki, dinimizdə torpaq, Vətən uğrunda şəhid olan şəxsin ən ali zirvəyə, şəhidlik mərtəbəsinə ucaldığı əksini tapır.

Beynəlxalq Mədinə İslam Universitetinin məzunu Samin Məmmədov deyir ki, Vətən sözü - Ərəb sözü olaraq Azərbaycan dilində bir adamın doğulub böyüdüyü və vətəndaşı olduğu ölkə, məmləkət deməkdir: "Lüğət və siyasi ensiklopediya kitablarına baxarkən vətən sözünün istilahi (terminoloji) mənasının lüğəti mənasından fərqlənmədiyini görürük.Sosioloqlara görə isə vətənpərvərliyin müxtəlif tərifləri var. Onlardan bəziləri vətənpərvərliyi əqidə sayaraq ona görə dost və düşmən tutur, digərləri isə İslam əqidəsi çərçivəsi daxilində vicdani duyğu ifadəsi sayıblar. Vətən üçün ümumi anlayışlardan olan duyğu məfhumu olan "vətən sevgisi"ni qədim şairlərdən olan Asmai belə ifadə edir: "Bir bədəvinin belə dediyini eşitdim: "Əgər kişini tanımaq istəyirsənsə, onun vətəni və dost-qardaşları üçün necə darıxdığına, onları arzuladığına və keçmiş zamanı üçün ağlamasına bax". Elə bil ki, o, bu duyğunu vəsf edərək bildirir ki, bu hiss vətənə bağlılıqdır. O vətənin torpağında yaşayıb, böyüyüb, boya-başa çatıb, suyundan içərək, sərvətlərindən yediyi üçün o vətəndə onun ruhi və hissi ehtiyacları vardır. O cümlədən də vətəndə olanlarla güclü rabitəsinə görə qəlbi sevgisinə və qardaşlıqlarının sadiqliyinə elə bağlanmışdır ki, hətta onlarla bir ət parçası və kamil bir cəsəd kimi olmuşdur". Natiq qeyd edir ki, insan vətənini sevməli, orada yaşamağa səy göstərməli və öz ixtiyarı ilə oranı tərk etməməlidir: "Vətəni sevmək insan daxilində kök salmış elə bir xüsusiyyətdir ki, insanı orada qalarkən rahatlıq tapmağa, oradan gedərkən darıxmağa, ora hücum olunarsa müdafiə etməyə və torpağı alinarsa qəzəblənməyə sürükləyir. Bu təbii formada olan vətənpərvərlik bəyənilən bir əməl, ülvi bir hissdir. İnsan vətənini tərk etməyə nə qədər məcbur olsa belə, yenə də vətən həsrəti zehnində qalaraq ondan ayrılmayacaqdır. Ona görə də Asmai demişdir: "Üç canlıda üç xislət vardır: Dəvə uzun bir zaman keçsə də öz vətəni üçün, quşun yuvası qıtlıq yerdə olsa da öz yuvası üçün, insan digər yer daha bol və firavan olsa da öz vətəni üçün darıxar". Beynəlxalq Mədinə Universitetinin məzunu bildirib ki, Qurani-Kərimdə də vətənə aid ayələr yer alıb: " Allah-Təala buyurur: "(Ey Rəsulum!) De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, həyat yoldaşlarınız, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, azalmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha sevimlidirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!" (Qurani-Kərim, "ət-Tövbə" surəsi, 24-cü ayə) Allah-Təala bu sayılanların sevgisini - hansı ki, ümumi məfhumla onlar "vətən"dir - Allahın və Rəsulunun  sevgisinin önünə çəkməyi qadağan etmişdir. Bu o mənanı verir ki, sadalananlar üçün sevgi vardır və labüddür, lakin Allah və Rəsulunun sevgisindən üstün tutulması qadağandır. Allah-Təala buyurur: "Əgər Biz onlara: "Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!"- deyə yazıb əmr etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər". (Qurani-Kərim, "ən-Nisə" surəsi, 66-cı ayə) Bu ayədə yurd , vətən sevgisi insanın özünü sevməsi ilə yanaşı gəlmişdir. Həqiqətən də, onların hər ikisi insan daxilində kök atmış əziz bir hissdir. Allah-Təala buyurur: "Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!" (Qurani-Kərim"əl-Mumtəhənə" surəsi, 8-ci ayə) Burada vətən sevgisi din sevgisi ilə yanaşı gəlmişdir. Müsəlmanlara dininə görə döyüş etməyənə və onu ölkəsindən çıxartmayana qarşı yaxşılıq etmək və adil olmaq əmr olunmuşdur. Bu da vətən sevgisi ilə islam sevgisinin elə mehz dində de və insan daxilində də olan yeri olmasina açıq aydın bir sübutdur". Samin Məmmədov Vətənə aid olan şəri haqlar barədə də danışıb.  Bildirib ki, bu sırada ilk yeri.Vətəndaşlar arasında birlik və cəm olma haqqı dayanır: "Camaat sözü- ərəb sözü olub təfriqə sözünün əksi sayılan toplaşmaq deməkdir. Camaat sözü cəm sözünün kökündəndir və insan toplumuna camaat deyilir. Camaat sözü şəri istilahda isə "haqq üzərində toplamaq və təfriqə salmamaq" deməkdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: "Camaat olun və təfriqə salmaqdan çəkinin! Həqiqətən də, şeytan tək qalanla olar və iki nəfərdən( toplumdan) isə uzaq durar. Kim Cənnətin ən yaxşı yerini istəyirsə, camaatla olsun". (Əhməd, "əl-Musnəd". Albani "həsəndir" demişdir) Vətən ilə əlaqəni gücləndirmək İslamın həvəsləndirdiyi camaat ilə əlaqəni gücləndirmək deməkdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: "Allahın əli camaatladir". (İbn Əbi Asim, "əs-Sunən" 1/40) Cəm olaraq əl-ələ vermək vətənə olan məhəbbətin və ona mənsub olmanın tələblərindəndir. Bir-birilərinə qüvvət vermək və öz aralarında köməkləşmək müsəlman toplumunun sifətlərindəndir. Düşmən qalib gəlmək üçün nifrət, təfriqə və çəkişmə salmasından güclü bir boşluq tapa bilməz. Düşmənin ən yaralı yeri isə vətəndaşların cəmləşərək əlbir olmalarıdır. İkinci Vətəni müdafiə haqqıdır. Vətəndən çıxarılmaq döyüşə izn verən səbəblərdən biri edilmişdir. Uca Allah buyurur: "Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz. Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!" (Qurani-Kərim, "Əli İmran" surəsi, 195-ci ayə) Cihadın icazəli olma səbəblərindən biri vətəni qorumaq, onun müstəqilliyini həyata keçirmək, onu azad etmək və hücum arzusunda olan hər bir qüvvələri çəkindirərək bildirməkdir ki, vətən torpağına toxunmaq böyük bir prinsipə toxunmaq deməkdir. Vətənə toxunmaq düşməni qorxuya salan və fərz buyurulan bir əməli (cihadı) hərəkətə gətirmək deməkdir. Qoy, bununla da düşmənlər min ölçüb bir biçsinlər. Vətəni müdafiə etmək İslam əqidəsinin əsas prinsiplərindən biridir. Üçüncüsü, başçıya beyət və itaət haqqı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Huzeyfə ibn əl-Yəmənə (Allah ondan razı olsun) demişdir: "Müsəlman camaatının və başçısının yanında ol". (Buxari və Müslim rəvayət etmişdir) Eləcə də, İbn Abbas (Allah ondan razı olsun), Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət olunan hədisdə demişdir: "Kim başçısından xoşuna gəlməyən bir şey görərsə, ona səbr etsin. Həqiqətən də, kim camaatdan bir qarış belə ayrılar və ölərsə, cahiliyyət ölümü kimi ölmüş sayılar".-Vətən naminə xeyir üzərində əlbir olaraq köməkləşmək vəzifəsindən və tutduğu mövqeyindən asılı olmayaraq hər bir vətən övladına vacib bir əməldir. Hər bir kəs öz vətəninin mənfəəti üçün ciddi çalışmalıdır. Vətənin təhlükəsizliyi naminə, ancaq ordunun və ya müəyyən bir qismin çalışması və digərlərinin isə naz-nemət içində vətən sərvətlərindən istifadə edərək vətənə qarşı olan məsuliyyətlərini boyunlarından atması vətənpərvərlik deyildir. Vətənin kommunal xətlərini, yollarını, binalarını və sərvətlərini qorumaq hər bir kəsin borcudur. Şagird və tələbələrdə dinə, vətənə qarşı qeyrət, fədakarlıq, kişilik hissini oyadaraq onlara dərk etdirmək lazımdır ki, vətəndə olan hər bir şey həm onlara, həm də digər vətəndaşa da məxsusdur və buna görə də vətənin müqəddəratı ilə oynamaq icazəli deyildir. Sonda isə Uca Rəbbimizə dua edərək vətənimizin ayrılmaz parçası olan, lakin əlimizdən xaincəsinə alınan Qarabağımızı tezliklə azad etməkdə, Öz Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) vətənindən çıxarıldıqdan sonra bir daha o doğma yurduna başı uca daxil etdiyi kimi bizə də bu gözəl hadisəni nəsib etməkdə, o torpaqlarda namərdlər tərəfindən ələ keçirilmiş "Şuşa məscidini, Ağdam məscidini və erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidləri bərpa etməkdə, orada birlikdə namaz qılmaqda" və hamımıza haqq din və doğma vətən üçün həqiqi mənada çalışmaqda yardımçımız olmasını diləyirəm. Əlbəttə ki, Uca Allah hər şeyə qadirdir".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00