Elçin Hüseynbəyli yazır... Nağıllaşan “Nağıl adam...”

Elçin Hüseynbəyli

Nağıllaşan "Nağıl adam..."

Sizə təzə çapdan çıxmış bir kitab barədə danışmaq istəyirəm, dostlar. Bilirəm, təəccüblənəcəksiniz. Deyəcəksiniz ki, indi hər yerindən duran kitab buraxır. Amma bilsəniz ki, kitab kim barədədir və müəllifi kimdir, onda marağınız özünü doğruldacaq. "Nağıl adam" kitabı şabranlı yazıçı dostumuz Aydın Tağıyev haqdadır. Yenə də bir mız qoyacaqsınız ki, "hə, no-olsun!?" Məşhur və məlum kinodakı kimi. Amma tələsməyin. İş burasındadır ki, kitabın müəllifi məmurdur - Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovdur... Marağınızı və üzünüzdəki şübhə işarələrini duyuram. Amma...Yanılırsınız dostlar...Novruz müəllim kitab yazdıranlardan deyil, kitab yazanlardandır. Bəziləriniz onun yazıları ilə tanışsınız. Maraqlı hekayə və povestlərini, səyahətnamələrini, portret yazılarını oxumusunuz. O, ardıcıl olaraq, əsasən "525-ci qəzet"də çap olunur və onlarla maraqlı kitabın müəllifidir. Əsərləri dünyanın bir neçə dilinə tərcümə olunub, Türkiyə türkcəsində, ingilis və rus dillərində işıq üzü görüb. Novruz Nəcəfoğlu tanıdığı, örnək hesab elədiyi köhnə kişilərdən, onların xeyirxah əməllərindən yaza-yaza özü bir örnəyə çevrilib. Bunlardan biri də Aydın Tağıyevdir. Onların tanışlığının uzun tarixçəsi var. Hələ illər öncə Lerikdə tanış olublar: biri müəllim, biri məmur. Və bu dostluq on illərdir ki, davam edir. Köhnə zamanların şahidi olmasam da, yaxın illərə nəinki bələdəm, həm də şərikəm. Çünki "Nağıl adam" kitabında Aydınla bağlı əhvalatların bəzilərinin iştirakçısı olmuşam. Həmin hadisələrin əksəriyyəti yumor üstündə köklənib və Novruz Nəcəfoğlu bütün bunları köhnə dostuna böyük sevgi və rəğbətlə yazıb. Kitabın girişində də, sonunda da  elə belə yazılıb: "Sevdiyim insanlara,dost bildiklərimə və məni özünə dost bilənlərə..."

"Keçmişə ehtiram"dan başlamış "Ümid qapısı"na qədər uzanan kitab 21 fəsildən ibarətdir və bioqrafik roman janrındadır. Bu kitabı oxumaq  bir neçə   baxımdan vacibdir: birincisi necə ömür yaşayasan ki, səndən kitab yazalar. İkincisi, necə dost olasan ki, vəzifəndən, imkanından asılı olmayaraq dost haqqında belə səmimi kitab bağlayasan. Nəcəfoğlu bir yazısında müdriklərdən belə misal gətirir: "Dostlarının olması üçün gərək özün dost olmağı bacarasan..."

Düzdür, Novruz Nəcəfoğlu mənim haqqımda məqalə-filan yazmayıb, amma Aydından yazanda məni heç zaman unutmur. Bayaq elə ona görə dedim ki, bu iki dostun əhvalatlarına nəinki şahidəm, həm də şərikəm...

"Nağıl adam"ı mənə ötən şənbə, iyunun 11-də Şabranda bağışladılar. Həmin gün Şabranda "Xaqani Poeziya Günləri" keçirilirdi. Yeri gəlmişkən deyim ki, rayonda poeziya bayramı beşinci ildir düzənlənir. Bu dəfə fərq ondaydı ki, tədbiri Şabran rayon İcra Hakimiyyəti ilə Yazıçılar Birliyi müştərək təşkil eləmişdi. AYB sədri, xalq yazıçısı Anar başda olmaqla samballı nümayəndə heyəti bayrama qatılmışdı.

Yenə də qayıdaq kitaba. Kitab "ATV-kitab" seryiasından işıq üzü görüb. Naşir tanınmış yazar, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğludur. Redaktoru və ön sözün müəllifi isə dəqiq redaktor Seyfəddin Heseynlidir...

Və sonda: Nağıllaşmaq istəyirsinizsə, "Nağıl adamı" mütləq oxuyun. Onda sizə də pay düşər. Göydən düşən almaların da sayı artar. Divə də alma çatmaz. Söz düşmüşkən, Aydın Tağıyevin hekayələrindən biri elə belə də adlanır: "Alma oğurlayan divlər..."

Xoş oxular, dostlar!

Iyun 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00