Növbəti aktiv məşğulluq tədbiri  keçirilib

56 müəssisə tərəfindən 267 boş (vakant) iş yeri tədbir iştirakçılarına təqdim edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında növbəti aktiv məşğulluq tədbirini Odlar Yurdu Universitetində təşkil edib.

Tədbirdə tələbə və məzunlar mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda ixtisaslarına olan tələbat barədə ətraflı məlumat əldə ediblər. Onlar işəgötürənlərlə ilkin əlaqələr qurub, öz ixtisas, bilik və bacarıqları, şəxsi keyfiyyətləri və s. barədə onlara şəxsi məlumatlarını (CV) təqdim ediblər.

Bununla yanaşı, 8-i dövlət, 48-i özəl sektora aid ümumilikdə 56 müəssisə tərəfindən 267 boş (vakant) iş yeri də tədbir iştirakçılarına təqdim edilib. Vakant iş yerlərinə göndərişlər verilib, bir sıra şəxslər əlavə təhsil kurslarına cəlb olunub. Bakı Əmək Birjasının da təmsil olunduğu tədbirdə müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyənlər qeydiyyata alınıb.

İl ərzində respublikamızın digər ali təhsil ocaqlarında da aktiv məşğulluq tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00