“Türk Dünyasının Ortaq Dili Naxışlar” adlı Simpozium və sərgi keçiriləcək
31 May 2016 13:41 SosialAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyinin dəstəyi, Bakı Yunus Əmrə İnstitutu təşkilatçılığı ilə 2-3 iyunda Azərbaycan Xalça Muzeyində "Türk Dünyasının Ortaq Dili Naxışlar" adlı Simpozium və sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Əsas məqsədi Türk mədəniyyətinə xidmət etmək olan Bakı Yunus Əmrə İnstitutu, müxtəlif Türkdilli dövlətlərdə və regionlarda naxışların tanıdılmasında, uzaq regionlarda yaşayan Türk mənşəli xalqların naxışlarının ortaq bir şəkildə istifadə olunduğunu göstərərək, bu naxışların Türk dünyasının incəsənətdəki "ortaq dil" olduğu həqiqətini vurğulayaraq, mövzu ilə bağlı ilk addım atıb Bakıda "Türk Dünyasının Ortaq Dili Naxışlar" adlı simpozium keçirməyə qərar verib. Bakı Yunus Əmrə İnstitutu bu fəaliyyəti ilə həyatını Türk dünyasının birliyinə həsr etmiş İsmayıl Qaspıralının "Dildə, fikirdə, fəaliyyətdə birlik!" fəlsəfəsindən çıxış edərək eyni dili danışan, eyni duyğu və fikir dünyasına sahib olan Türk mənşəli xalqların "fəaliyyət"də də bir olacaqlarını göstərib.