“Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda elmi konfransı keçirilir
31 May 2016 12:00 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin qalibi olmuş qrant layihəsi əsasında "Regional turizmin davamlı inkişaf prioritetləri" mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı keçirilir. Fondun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, iki gün davam edəcək konfransa Azərbaycan Turizm və Menecment Universiteti elmi-təşkilatı dəstək göstərir. Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə iqtisadiyyatın dinamik inkişaf edən aparıcı sahələrindən biri olan turizmin elmi əsaslarla inkişaf etdirilməsinə nail olmaqdır. Konfrans geniş turizm potensialına sahib regionların hərtərəfli inkişafına nail olmaq məqsədi ilə qabaqcıl turizm regionlarının təcrübələrinin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi, Azərbaycanda və dünyada mövcud olan turizm regionlarının inkişafı və bu sektorda fəaliyyət göstərən müxtəlif təşkilatların fəaliyyətlərinin düzgün təşkil edilməsi, həmçinin turizm üzrə ixtisaslaşan alim və mütəxəssislərin elmi tədqiqatlarının təşviq edilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Konfransın işində Azərbaycandan olan alim və mütəxəssislərlə yanaşı, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ukraynadan da dəvətli məruzəçilər iştirak edir.