Dövlət, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa” keçirilib
27 May 2016 15:59 SosialAzərbaycan Milli QHT Forumu (MQF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İctimai şuralar və ictimai nəzarətin təşviqi" adlı layihə icra edir.
Layihə çərçivəsində Vergilər Nazirliyində "İctimai iştirakçılığın təmin olunması, ictimai şuraların yaradılması, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi" adlı "dəyirmi masa" keçirildi.
Dövlət, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən "dəyirmi masa"da Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirdi ki, Forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İctimai şuralar və ictimai nəzarətin təşviqi" layihəsi çərçivəsində il ərzində tədbirlər, ictimai müzakirələr keçirəcək. O, ilk olaraq Vergilər Nazirliyinə məktubla müraciət etdiklərini bildirib. MQF-nin prezidenti xatırlatdı ki, "İctimai iştirakçılıq" haqqında Qanuna müvafiq olaraq Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Dövlət Miqrasiya Xidmətində və digər dövlət qurumlarında ictimai şuralar yaranıb. Ancaq bir neçə nazirlikdə o cümlədən mərkəzi icra hakimiyyətləri ilə yanaşı, yerli icra hakimiyyətlərində, o cümlədən Gəncə Şəhər və Binəqədi Rayon İcra hakimiyyətlərində təşəbbüslər həyata keçirilib.
Layihənin məqsəd "İctimai iştirakçılıq" haqqında Qanunu və ictimai şuraları təşviq etməkdir ki, qalan təşkilatlar da ilin sonuna qədər bu şuraları yaratsınlar. Layihənin məqsədi vətəndaşların hüquq və azadlıqlarının təmin olunması nöqteyi-nəzərindən, eyni zamanda, vətəndaşların dövlət və hökumət qərarlarının qəbul olunmasında iştiraklarının təmin olunması istiqamətində maarifləndirici işlərin aparılmasıdır.
Vergilər Nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri Akif Musayev layihə barədə ətraflı məlumat verdi və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirdi.
Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Füzuli İsmayılov Miqrasiya Xidmətində ictimai şuranın 2015-ci ildə yaranması və bugünə qədər effektiv, səmərəli fəaliyyət göstərməsi haqqında fikir bildirdi və qeyd etdi ki, Dövlət Miqrasiya Xidməti daima vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməyə hazırdır.
Ədliyyə Nazirliyinin nümayəndəsi Liza Xanməmmədova 2006-cı ildə Ədliyyə Nazirliyi nəzdində Penitensiar Xidmətin "İctimai Nəzarət Komitəsi"nin yaradılmasının və 10 il müddətində səmərəli fəaliyyət göstərməsi, şəffaflığın və ictimai nəzarətin nümunəsi kimi diqqətə çatdırdı.
"Vətəndaşların Sosial Rifahı Naminə " İB-nin sədri, MQF-nin İdarə Heyətinin sədr müavini İradə Rızazadə ilk öncə bu məsələlərdə dövlət qurumlarına və QHT-lərə uğurlar arzuladı, "İctimai iştirakçılıq" haqqında Qanuna müvafiq olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarında ictimai şuraların yaradılmasının vacibliyini və ictimai şuraların yaradılması, ictimai nəzarətin və şəffaflığın təşviqi ölkəmizin inkişafına dəstək və aparılan islahatlara töhvə verəcəyini bildirdi.
Sonra Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev, MQF İctimai Nəzarət Mərkəzinin direktoru İbrahim İbrahimov və digərləri məsələ ətrafında fikirlərini bildirdilər.
Daha sonra Azərbaycan Respublikası Vergilər Nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri Akif Musayev Azərbaycan Respublikası Vergilər Naziri cənab Fazil Məmmədovun fikirini sitat gətirib bildirdi: "Vergilər proqramı nə qədər vacibdirsə, ictimaiyyətdə o qədər önəmlidir".
Rauf Zeyni cənab Fazil Məmmədova və nazirliyin əməkdaşlarına öz minnətdarlığını bildirdi və bu səmərəli əməkdaşlığın davam etdiriləcəyini söylədi.
Sonda "İctimai şuralar və ictimai nəzarətin təşviqi" layihəsinin təqdimatı keçirildi.