Qanunsuz miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstə zərərsizləşdirilib

Dövlət Miqrasiya Xidməti (DMX) Şəmkirdə maarifləndirmə tədbiri keçirib. DMX-nın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı regionda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər, o cümlədən ictimaiyyətin, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların, təhsil işçilərinin nümayəndələri olan 380 nəfər iştirak edib. Görüşdə qeyd olunub ki, Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilib. Xidmətdə ictimai nəzarətə, ictimai iştirakçılığa geniş yer verildiyi və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın faəliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, qanunsuz miqrasiyaya qarşı keçirilən kompleks tədbirlər nəticəsində son 5 ay ərzində Azərbaycan ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşrutu üzrə miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstə ifşa edilərək zərərsizləşdirilib. Tədbirdə o da diqqətə çatdırılıb ki, 10 gündən artıq ölkəmizdə qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidirlər. Daha sonra Gəncə regional miqrasiya idarəsinin xidmət ərazisində yaşayan 46 şəxsə səyyar xidmət göstərilib. 4 nəfərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 12 nəfərə şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyən olunmasına dair arayış verilib. 9 şəxsə daimi yaşama icazəsinin verilməsi və şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunmasına dair müraciət etmələri üçün tələb olunan sənədlərin siyahısı təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00