I Beynəlxalq Humanitar Elmlər Forumu keçirilib

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astanada "Böyük Çöl" I Beynəlxalq Humanitar Elmlər Forumu keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Nazarbayev Mərkəzində təşkil olunan forum türkdilli ölkələrin müstəqilliyinin 25 illiyi və Türk Yazı Gününə həsr olunub. Forumda Türk Akademiyası tərəfindən türkçülük elminin inkişafında göstərdikləri xidmətlərə görə bir sıra elm xadimlərinə qızıl medal təqdim edilib. Həmçinin, tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu müasir ədəbiyyatın görkəmli nümayəndəsi və tanınmış ictimai xadim Oljas Süleymanova təqdim edib. Tədbirdə Azərbaycanı Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, Türk Dünyası İqtisadçılar Birliyinin sədri, professor Ədalət Muradov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru Zaur Həsənov, Milli Məclisin deputatları Cavanşir Feyziyev, Sevinc Hüseynova və
digər nümayəndələr təmsil edib. Forumun "Avrasiyada elmi əməkdaşlıq və inteqrasiya: Çağdaş yanaşmaları axtarmaq" adlı birinci panelində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, Türk Dünyası İqtisadçılar Birliyinin(TÜRKİB) sədri, professor Ədalət Muradov "Avrasiyada elmi əməkdaşlığın yeni müstəvisi: Türk Dünyası İqtisadçılar Birliyi" mövzusunda elmi məruzə ilə çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00