Dövlət Dəniz Akademiyası Beynəlxalq Assosiasiyaya üzv olacaq

Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasının rəsmi nümayəndəsi - İstanbul Texniki Universitetinin Dənizçilik fakültəsinin dekanı, professor Oğuz Salim Söğut Bakıda səfərdə olub, Dəniz Akademiyasında audit aparıb. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, qonaq Cənubi Qafqaz - Orta Asiya regionunda ali təhsilli dənizçi kadrlar hazırlayan bu yeganə təhsil ocağının maddi-texniki bazası - trenajorlar, simulyatorlar, ixtisaslaşmış laboratoriya və auditoriyalarla yaxından tanış olub, Akademiyanın "General Əsədov" tədris gəmisində və ADDA-nın nəzdində olan Təlim-Tədris Mərkəzində mütəxəssislərin hazırlanması prosesi ilə maraqlanıb. ADDA-nın rektoru Çingiz Əliyev professor Oğuz Salim Söğutla görüşdə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, beynəlxalq tələblər səviyyəsində qurulmuş tədris prosesi, innovativ fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələr və inkişaf perspektivləri barədə ətraflı məlumat verib. Professor O.S.Söğut Akademiyanın fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyətilə də görüşüb, bu səfəri zamanı topladığı təəssüratları yüksək qiymətləndirib. BDUA nümayəndəsinin Azərbaycan Dövlət Dəniz Akademiyasında apardığı auditin yekunları ilə bağlı hesabat hazırlanacaq və ADDA-nın Assosiasiyaya üzvlüyü məsələsinə baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00