Regionlarda işləyən vəkillərə güzəştlər edilsin –Təklif
12:38 Siyasət"Pulsuz hüquqi yardım haqqında" qanun layihəsinin icrası üçün tələb olunan vəsait və ayrı-ayrı hədəf qrupları üzrə maliyyə ehtiyacları dəqiq hesablanmalıdır". "Olaylar" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bugünkü iclasında qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, maliyyə yükünün əsas hissəsi dövlətin üzərinə düşsə də, alternativ maliyyə mənbələrindən və beynəlxalq donor mexanizmlərindən istifadə imkanları da nəzərdən keçirilməlidir. Onun fikrincə, bu, dövlətin maliyyə yükünün azaldılmasına və hüquqi yardımın davamlı maliyyələşdirilməsinə kömək edə bilər.
Ə.Məsimli qanunun səmərəli icrası üçün maliyyələşmədə davamlılıq və ədalətliliyin təmin olunmasını, bürokratik maneələrin aradan qaldırılması məqsədilə rəqəmsal mexanizmlərin geniş tətbiqini, xidmətlərin keyfiyyətinə mütəmadi nəzarəti vacib sayıb.
Deputat regionlarda vəkil çatışmazlığına da diqqət çəkib. O bildirib ki, hüquqi xidmətlərin əlçatanlığını artırmaq üçün rəqəmsal imkanlardan daha geniş istifadə edilməli, vəkillik xidmətlərinin haqları bazar şərtlərinə uyğunlaşdırılmalıdır. Xüsusilə ucqar kəndlərdə çalışan vəkillər üçün stimullaşdırıcı mexanizmlərin yaradılması təklif olunub.
Ə.Məsimli Milli Məclislə Vəkillər Kollegiyası arasında əməkdaşlığın genişləndirilməsini də məqsədəuyğun hesab edib. Onun sözlərinə görə, iki qurumun təcrübəsini birləşdirən əməkdaşlıq platforması həm qanunun icrasına, həm də parlament fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verə bilər.