Azərbaycan Ordusu: Gücün, Şərəfin və Müzəffər Ali Baş Komandanın Rəhbərliyi ilə Qazanılan Zəfərin Simvolu-Özəl
11:20 Siyasət"Azərbaycan Silahlı Qüvvələri bu gün nəinki regionun, dünyanın ən hazırlıqlı, müasir və döyüşkən ordularından biridir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvəyə çatdırılan ordu quruculuğu strategiyası, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün ən etibarlı təminatçısıdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən güclü dövlət, güclü ordu strategiyası ölkəmizi tarixi Qələbəyə apardı. Onun həm diplomatik masada, həm də döyüş meydanında nümayiş etdirdiyi qətiyyət, siyasi iradə və "Dəmir yumruq" siyasəti xalqı və ordunu vahid amal ətrafında birləşdirdi. Əsgər və zabitlərimizin sarsılmaz iradəsi, vətən sevgisi və fədakarlığı 44 günlük Vətən Müharibəsində və antiterror tədbirlərində dastan yazdı. Qarabağın tacı olan Şuşanı və digər torpaqlarımızı azad edən bu ruh, ordumuzun ən böyük güc mənbəyidir". "Olaylar" xəbər verir ki, bunu Vəkil-hüquqşünas Rövşən Qasımov deyib: "Azərbaycan ordusu müasir hərb elminin tələblərinə tam cavab verir. Arsenalımızda yer alan ən son nəsil pilotsuz uçuş aparatları (PUA), yüksək dəqiqlikli raket sistemləri, zirehli texnikalar və radioelektron mübarizə vasitələri döyüş meydanında tam üstünlük təmin edir.
Xüsusi Təyinatlı Qüvvələrimiz (XTQ) və yeni yaradılan "Komando" briqadaları dünyanın ən çətin tapşırıqlarını yerinə yetirməyə qadir olan elit hərbi bölmələr kimi tanınır.
30 illik işğala son qoyan şanlı Azərbaycan Ordusu, XXI əsrin yeni döyüş taktikasını hərb tarixinə yazdı və dünyanın aparıcı hərbi mərkəzləri tərəfindən öyrənilən bir nümunəyə çevrildi.
Bu gün üçrəngli müqəddəs bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda, Xankəndidə, Şuşada və uca zirvələrdə məhz Müzəffər Ali Baş Komandanın qətiyyəti və yenilməz Azərbaycan əsgərinin sayəsində qürurla dalğalanır!"