Deputat Almaniyanın keçmiş kanslerini nümunə göstərdi

Maraqlar toqquşmasının yaranması cinayət və ilkin mərhələdə inzibati hüquq pozuntusu deyil, əsas məsələ belə vəziyyətlərin düzgün idarə olunmasıdır. Bu baxımdan qanun layihəsinin tətbiqi ilə bağlı maarifləndirmə tədbirlərinin intensiv aparılması vacibdir.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Rizvan Nəbiyev parlamentdə "Maraqlar toqquşması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanunun mahiyyəti izah edilərkən maraqlar toqquşmasının özünün hüquqazidd əməl kimi qəbul edilməməsi diqqətdə saxlanılmalıdır. Onun sözlərinə görə, vəzifəli şəxsin səlahiyyətlərinə aid məsələ ilə şəxsi maraqları arasında ziddiyyət yarana bilər və əsas problem belə vəziyyətin necə idarə olunması, ona hansı münasibətin göstərilməsi və hansı tədbirlərin görülməsidir.

"Problem onun idarə olunmasından, daha doğrusu, düzgün idarə olunmamasından başlayır", - Rizvan Nəbiyev vurğulayıb.

O qeyd edib ki, qanun layihəsində maarifləndirmə üçün altı aylıq müddətin nəzərdə tutulması bu istiqamətdə intensiv iş aparılmasını zəruri edir. Deputat hesab edir ki, ayrı-ayrı dövlət orqanlarında, zərurət olduqda özəl şirkətləri də cəlb etməklə, dövlət-özəl tərəfdaşlığı modelindən səmərəli istifadə edilməlidir. İdarə rəisləri və daha yüksək vəzifəli şəxslər səviyyəsində izahat işlərinin aparılmasının da xüsusi əhəmiyyət daşıdığını bildirib.

Rizvan Nəbiyev vurğulayıb ki, beynəlxalq təcrübədə maraqlar toqquşması ilə bağlı bu tip qanunların qəbulu əsasən son 10 ilin təcrübəsidir. Onun sözlərinə görə, Azərbaycanın da bu təcrübəyə qoşulması müsbət haldır və dövlətçiliyin daha da möhkəmləndirilməsi istiqamətində ölkə daxilində həyata keçirilən fəaliyyətlərdən biridir.

Deputat maarifləndirmə tədbirlərində gənclərə də xüsusi diqqət ayrılmasının vacibliyini qeyd edib. O bildirib ki, gənclər işə qəbul olunarkən və imtahan verərkən maraqlar toqquşması ilə bağlı onlara xüsusi izahatlar verilməlidir.

Rizvan Nəbiyev dövlət vəzifəsindən ayrıldıqdan sonra şəxslərə tətbiq olunan məhdudiyyətlərlə bağlı beynəlxalq təcrübəyə də toxunub. O qeyd edib ki, bəzi dövlətlərdə vəzifədən ayrılan şəxslər üçün müəyyən müddət ərzində məhdudiyyətlər nəzərdə tutulur. Bəzi ölkələrdə bu müddət 18 ay olduğu halda, Azərbaycanda iki il müəyyən edilib.

Deputat qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübənin nəzərə alınmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Beynəlxalq Valyuta Fondunun və ayrı-ayrı dövlətlərin təcrübəsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, həm müsbət, həm də mənfi təcrübə araşdırılmalı, mövcud praktikada faydalı olan yanaşmalar müəyyənləşdirilərək tətbiq edilməlidir.

Çıxışının sonunda Rizvan Nəbiyev Almaniyanın keçmiş federal kansleri Gerhard Şröderin vəzifədən ayrıldıqdan sonra "Nord Stream" şirkətinin direktorlar şurasının rəhbəri olması ilə bağlı nümunəni xatırladıb. Deputat bildirib ki, bu hadisə vaxtilə dünya mətbuatında geniş müzakirə olunub və maraqlar toqquşmasının beynəlxalq səviyyədə ən klassik nümunələrindən biri hesab edilir.

Onun sözlərinə görə, Almaniyada bu məsələ ilə bağlı məhdudlaşdırıcı tədbirlər yalnız 2016-cı ildə, hadisədən təxminən 10 il sonra qəbul edilib.

Rizvan Nəbiyev qeyd edib ki, bu nümunə hüquqların tənzimlənməsi ilə maraqlar arasında sərhədin hüquqi baxımdan dəqiq müəyyənləşdirilməsinin nə qədər vacib olduğunu göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31