Azərbaycan milli maraqlarını qətiyyətlə müdafiə edir-Özəl
12:23 Siyasət"Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin qarşısında dayanan əsas vəzifələrdən biri milli maraqları qorumaqla yanaşı, qlobal təhlükəsizliyin və ədalətli dünya nizamının təmin edilməsinə töhfə verməkdir. Bu gün beynəlxalq hüququn norma və prinsiplərinə münasibət, qəbul olunmuş qərarların icrası, dövlətlərin suverenliyinə hörmət və iqtisadi dayanıqlılıq məsələləri xüsusi aktuallıq kəsb edir. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı bu məsələlərə Azərbaycanın prinsipial yanaşmasını və ölkəmizin beynəlxalq mövqeyini aydın şəkildə ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Beynəlxalq hüququn nüfuzu onun norma və prinsiplərinin bütün dövlətlərə eyni qaydada tətbiq olunmasından, qəbul edilmiş qərarların isə real nəticələr doğurmasından asılıdır. Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılmasının zəruriliyi ilə bağlı fikri bu baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar yalnız kağız üzərində qaldıqda onların təsir gücü və beynəlxalq ictimaiyyətə olan inam zəifləyir. Ədalətli beynəlxalq sistem üçün hüquqi öhdəliklərə əməl olunması, qərarların icrasına vahid və prinsipial münasibət göstərilməsi vacibdir.
Azərbaycanın təcrübəsi beynəlxalq hüququn və ərazi bütövlüyü prinsipinin əhəmiyyətini aydın şəkildə göstərir. Ölkəmiz uzun illər ərazilərinin işğalı, tarixi və mədəni irsinin dağıdılması, humanitar problemlər kimi ağır sınaqlarla üzləşib. Bu dövrdə beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiqinin nə qədər vacib olduğu bir daha üzə çıxıb. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası dövlətimizin siyasi iradəsinin, xalqımızın birliyinin və güclü dövlətçilik strategiyasının nəticəsidir. Bu təcrübə onu göstərir ki, beynəlxalq münasibətlərdə davamlı sülhün təmin edilməsi üçün ədalət, qarşılıqlı hörmət və hüquqi məsuliyyət əsas götürülməlidir.
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında diqqət çəkən digər mühüm məqam Azərbaycanın beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyini möhkəmləndirməsidir. Ölkəmiz müstəqil xarici siyasət yürüdərək milli maraqlarını qətiyyətlə müdafiə edir, eyni zamanda beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir. Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, siyasi dialoqu təşviq etməsi və tərəfdaşlıq münasibətlərini genişləndirməsi onun artan nüfuzunun göstəricisidir. Bu mövqe dövlətimizin prinsipiallığı ilə konstruktiv əməkdaşlığı uzlaşdıran siyasətinin nəticəsidir".