Azərbaycanın multikulturalizm modeli milli-mənəvi dəyərlərə hörmətə əsaslanır-Özəl

"Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın müasir dünyada siyasi mövqeyini, dövlətçilik fəlsəfəsini, milli ideoloji əsaslarını və beynəlxalq münasibətlər sisteminə baxışını əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı. "Ortaq gələcək naminə dialoq" mövzusuna həsr olunan Forumda dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan üçün mədəniyyətlərarası dialoq yalnız humanitar əməkdaşlıq istiqaməti deyil, eyni zamanda, beynəlxalq təhlükəsizliyin, qarşılıqlı etimadın, dayanıqlı inkişafın və dövlətlərarası münasibətlərin sağlam əsaslar üzərində qurulmasının mühüm vasitəsidir".  "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Bu baxımdan Bakı Forumunun əhəmiyyəti onun iştirakçılarının coğrafiyası və say göstəriciləri ilə məhdudlaşmır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2000-dən artıq qeydiyyatdan keçmiş iştirakçının və 100-dən çox ölkədən 500-dən artıq qonağın bir araya gəlməsi son 15 il ərzində formalaşmış beynəlxalq platformanın nüfuzunun göstəricisidir. Azərbaycanın təşəbbüsü ilə 2011-ci ildə əsası qoyulan bu Forum artıq müxtəlif sivilizasiyaların, dinlərin və mədəniyyətlərin nümayəndələrini birləşdirən, qlobal gündəlikdəki aktual məsələlərin müzakirəsinə şərait yaradan mühüm dialoq məkanına çevrilib. BMT-nin Sivilizasiyalar Alyansı və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində inkişaf edən bu platforma Azərbaycanın qlobal proseslərdə fəal iştirakının və beynəlxalq təşəbbüslərə verdiyi töhfənin təzahürüdür. Müasir dünyada geosiyasi qarşıdurmaların, müharibələrin, dini və etnik zəmində ayrı-seçkiliyin, ideoloji qütbləşmənin gücləndiyi bir şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da artır. Təcrübə göstərir ki, qarşılıqlı anlaşmanın zəiflədiyi, fərqli kimliklərin qarşıdurma vasitəsinə çevrildiyi cəmiyyətlərdə sabitliyi qorumaq çətinləşir. Buna görə də dialoq yalnız fikir mübadiləsi deyil, həm də münaqişələrin qarşısının alınmasına, etimad mühitinin formalaşmasına və ortaq maraqların müəyyənləşdirilməsinə xidmət edən siyasi və mənəvi mexanizmdir. Azərbaycanın bu istiqamətdə ardıcıl təşəbbüsləri ölkəmizin beynəlxalq münasibətlərdə körpülərin qurulmasına, qarşılıqlı hörmətin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə əsaslanan yanaşmasını nümayiş etdirir. Cənab Prezidentin çıxışında Azərbaycanın tarixən mədəniyyətlərin qovuşduğu coğrafiyada yerləşməsi və bu mövqeyin ölkənin ictimai-siyasi həyatında yaratdığı xüsusiyyətlər xüsusi vurğulanıb. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qarşılıqlı təsir göstərdiyi, dini və etnik müxtəlifliyin birgəyaşayış ənənələri ilə müşayiət olunduğu məkan olub. Bu tarixi təcrübə müasir Azərbaycan dövlətinin multikulturalizm siyasətinin formalaşmasında mühüm rol oynayır. Bununla belə, ölkəmizin üstünlüyü yalnız coğrafi mövqeyi və tarixi irsi ilə müəyyənləşmir. Əsas məsələ həmin irsin müasir dövlətçilik prinsipləri, hüquqi təminatlar və cəmiyyətin birliyini möhkəmləndirən siyasi iradə ilə uzlaşdırılmasıdır. Azərbaycanın multikulturalizm modeli etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınmasına, milli-mənəvi dəyərlərə hörmətə və ictimai həmrəyliyin qorunmasına əsaslanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31