Azərbaycan coğrafi baxımdan körpüdürsə, müxtəlifliyə baxışı birləşdirici dəyərdir - ÖZƏL
12:07 Siyasət"Bu gün üzərində düşünülən suallardan biri də mədəniyyətlərarası dialoqun müasir beynəlxalq münasibətlər sistemində nə üçün aktual və mühüm siyasi-diplomatik alətə çevrilməsidir."
Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Şübhəsiz ki, çoxqütblü dünya və müxtəlif sivilizasiyaların artan rolu bu işdə əhəmiyyətli rol oynayır. Digər yandan, beynəlxalq sistemdə güc dediyimiz zaman klassik anlamda başa düşdüyümüz hərbi və iqtisadi resurslar nəzərdə tutulmur. Bu, dövlətlərdən öz dəyərlərini, tarixi təcrübələrini və dünya görüşlərini beynəlxalq müzakirələrə gətirmək imkanları da tələb edir. Daha çox Qərb və qeyri-Qərb cəmiyyətlərinin bir-birini daha yaxşı anlaması üçün bu dialoq nəzəri, həmçinin diplomatik platforma yaradır. Lakin qloballaşan və sözsahibi olmağa çalışmaq uğrunda gedən mübarizədə bu məsələnin daha geniş çalarlar aldığnı görürük. İlk növbədə onu dərk etmək lazımdır ki, mədəni və dini müxtəliflik dediyimiz zaman bu münaqişə yaratmamalıdır. Tam əksi birləşmək üçün bir çağırış kimi dərk edilməlidir. Lakin digər inkarolunmaz reallıq da ondan ibarətdir ki, yanlış təsəvvürlər, qarışıqlıq, etimadsızlıq və stereotiplər siyasi gərginliyi artırır. Belə olan halda isə münaqişə risklərinə bir komponent daha əlavə olunur. Dialoq isə bu cür risklərin idarə olunmasına imkan yaradır. Onu da vurğulamaq yerinə düşür ki, dialoq təhrikəsizlik və ərazi mübahisələrini təkbaşına həll etmir. Bu işdə kompleks yanaşma son dərəcə vacibdir. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyev illər ərzində gözlə görünən və nəticəsi olan siyasət yürütdü. Sivilizasiyaların siyasi və mədəni təcrübələrinin nəzərə alınmasının qlobal nizamın gələcəyi üçün əhəmiyyətli olduğunu dərk edərək paytaxt Bakımız hər zaman bu cür platformalara ev sahibliyi etdi. Oktyabrın 27-də "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən dövlət başçımızın nitqinin açar sözləri də məhz bu zəruri amillər üzərində qurulmuşdu.
Azərbaycan coğrafi baxımdan körpüdürsə, müxtəlifliyə baxışı isə ayırıcı xətt yox, birləşdirici dəyərdir.
Forumun ölkəmizdə keçirilməsi humanitar diplomatiyamızın təşviqinə, Azərbaycanın beynəlxalq əlaqələrinin gücləndirilməsinə, habelə multikultural dəyərlərə malik ölkə kimi beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə töhfə verəcək. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın dünyaya nümunə kimi təqdim edilməsi oldu. Buna əsas verən amillərdən biri Azərbaycanın 30 illik işğala son qoyması, eləcə də dövlət başçısının fəaliyyətinin yalnız sözlərdə deyil, konkret əməllərdə təzahür etməsidir. Bu baxımdan, cənab Prezident İlham Əliyev öz ölkəsini dünyaya nümunə kimi təqdim etmək üçün real nəticələrə əsaslanan mövqeyə malik liderlərdən biridir.
Bu gün dünyada ikili standartların və selektiv yanaşmaların daha qabarıq şəkildə özünü göstərdiyi bir şəraitdə Azərbaycan hələ uzun illər öncədən başlayaraq məhz bu mənfi tendensiyadan əziyyət çəkib. Dövlət başçımızın çıxışında bu məqam da xüsusilə vurğulandı.
Eyni zamanda Müzəffər Ali Baş Komandan bir daha diqqətə çatdırdı ki, Azərbaycanın daxilində heç bir təhlükəsizlik riski mövcud deyil. Bütün risklər kənardan qaynaqlanır. Bu baxımdan da Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi "Azərbaycançılıq" fəlsəfəsini həyat tərzinə çevirməyimiz bizə bu risklər qarşısında möhkəm dayanmağa əsas verir. Mədəniyyətlərarası dialoqun olması bir daha ondan xəbər verir ki, ziddiyyətli məsələlər masa ətrafında həll edilə bilərsə, müxtəliflik ayrılmaq deyil, birləşmək kimi başa düşüldüyü zaman daha mənalı olur."
İbrahim Məmmədli