Yeni təhlükəsizlik çağırışları Bakı Forumunun əhəmiyyəti daha da artır-Özəl
11:34 Siyasət"VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilən mesajların ümumi məzmunu göstərir ki, Azərbaycan özünü yalnız regional təhlükəsizlik və enerji məsələləri ilə məhdudlaşan dövlət kimi deyil, eyni zamanda, qlobal dialoqa, mədəniyyətlərarası anlaşmaya və beynəlxalq əməkdaşlığa töhfə verən ölkə kimi təqdim edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Bu siyasətin əsasını milli kimliyin qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət və müxtəliflik şəraitində birgəyaşayışın təşviqi təşkil edir. Prezident cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, mədəniyyətlərarası dialoq Azərbaycanın siyasi fəlsəfəsində dövlətçilik, milli həmrəylik və beynəlxalq münasibətlər məsələləri ilə sıx bağlıdır. Ölkəmizin tarixi təcrübəsi, azərbaycançılıq ideologiyası, multikulturalizm ənənələri və müstəqil xarici siyasəti vahid strateji yanaşmanın bir-birini tamamlayan istiqamətləridir. Bu yanaşmanın mahiyyəti milli maraqları qətiyyətlə qorumaqla yanaşı, digər dövlətlərin suverenliyinə hörmət etmək, fərqli mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı gücləndirmək və münaqişələrin həlli üçün dialoq imkanlarından istifadə etməkdən ibarətdir. Qlobal siyasi sistemdə qeyri-müəyyənliyin artdığı, beynəlxalq institutların səmərəliliyinin müzakirə olunduğu və münaqişələrin yeni təhlükəsizlik çağırışları yaratdığı bir dövrdə Bakı Forumunun əhəmiyyəti daha da artır. Azərbaycan bu platforma vasitəsilə dialoqun alternativsizliyini, qarşılıqlı hörmətin vacibliyini və ortaq gələcəyin yalnız əməkdaşlıq əsasında qurula biləcəyini önə çəkir. Bu baxımdan Forumun əsas siyasi mesajı aydındır: davamlı sülh və təhlükəsizlik üçün dövlətlərin suveren hüquqlarına hörmət edilməli, beynəlxalq hüquq selektiv deyil, universal şəkildə tətbiq olunmalı, mədəni və dini müxtəliflik qarşıdurma mənbəyinə deyil, qarşılıqlı zənginləşmə və əməkdaşlıq imkanına çevrilməlidir".