Postmünaqişə dövründə etimad və barışığın bərpası ən çətin məsələlərdəndir – Hikmət Hacıyev
15:41 SiyasətXalqlar arasında etimadın və barışığın bərpa olunması ilk növbədə diqqət yetirilməli məsələlərdəndir.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri bazar ertəsi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Mədəniyyət və Media Dialoqu Platformasının "Sülh dili və dezinformasiya ilə mübarizə" mövzusunda xüsusi sessiyasında deyib.
Prezidentin köməkçisi qeyd edib ki, etimad və barışığın bərpası istənilən postmünaqişə dövrünün ən mühüm və çətin mərhələlərindən biridir.
Onun sözlərinə görə, digər postmünaqişə dövrlərinin təcrübəsi də öyrənilir.
"Məsələn, biz digər postmünaqişə dövrlərini də öyrənirik. Balkanların vəziyyətinə baxaq. 90-cı illərin əvvəllərində bütün münaqişələr həll olundu, lakin region ölkələri arasında hələ də etimadsızlıq mövcuddur", - deyə o bildirib.
H.Hacıyev vurğulayıb ki, Ermənistan-Azərbaycan kontekstində keçmişə dürüst yanaşmaq lazımdır.
"Tariximizdə erməni xalqı ilə ortaq yaddaşımızın bəzi qaranlıq səhifələri var, lakin bu, xalqlarımızın mədəni və dini irsinin məhvi demək deyil. Biz bu keçmişi silmirik, gələcəyə sülh yolu ilə baxırıq", - deyə Prezidentin köməkçisi əlavə edib.