2027-ci ilin anonsu: Fransadakı iğtişaşlar seçkilərin taleyini necə həll edəcək? – ÖZƏL

"Fransada baş verən hadisələr ilk dəfə deyil ki, müşahidə olunur. Əslində, bu proseslər artıq bir neçə dəfə təkrarlanıb. Burada əsas məsələ Fransanın daxili siyasətində gedən proseslərlə bağlıdır. Çünki iqtisadi baxımdan Fransada ciddi gərginlik yaşanır. Bu gərginlik və iqtisadi geriləmə nəticə etibarilə insanların rifahına və siyasi baxışlarına təsir göstərir. Nəticədə insanlar ölkə rəhbərliyinə və dövlət siyasətinə qarşı etirazlarla çıxış edirlər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, burada, ilk növbədə, insanların sosial vəziyyəti, gələcəklərinə inamlarının azalması və özlərini güvənli hiss etməmələri kimi məsələlər dayanır. Digər tərəfdən, təhsil sahəsində baş verən problemlərdən də söhbət gedir. Bu etirazlara tələbələr və müəllimlər də qoşulublar. Siniflərin həddindən artıq dolu olması, təhsilin lazımi səviyyədə təşkil edilməməsi kimi problemlər bu təbəqənin də narazılığını artırır. Dediyim kimi, seçkiqabağı dövrdə daha çox iqtisadi maraqlardan çıxış edən, öz rifahını düşünən insanlar da var. Onlar artıq əvvəlki kimi dövlətə güvənmirlər, gələcəklərinə inamlarının azaldığını düşünürlər və sosial proqramların nə dərəcədə etibarlı olması ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Bütün bunlar Emmanuel Makronun 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsindəki mövqeyinə təsir göstərir. Çünki Makron artıq bilir ki, bu iğtişaşlar bir neçə dəfə polis qüvvələrinin müdaxiləsi ilə yatırılıb. İnsanların Makronun siyasətindən narazı qaldıqları aydın görünür. Bu narazılıqlar, təbii ki, seçkiqabağı proseslərə və seçkilərin nəticələrinə təsir göstərə bilər. 

"Etirazların digər ölkələrə yayılması məsələsinə gəldikdə isə, bu, bir qədər fərqli istiqamətdir. Çünki hər bir ölkənin özünəməxsus siyasi və iqtisadi sistemi var. Bununla belə, Avropa ölkələrini birləşdirən müəyyən amillər mövcuddur. Bu ölkələrin hər biri Avropa İttifaqı ilə əlaqəlidir və iqtisadiyyatları arasında qarşılıqlı münasibətlər mövcuddur. Eyni zamanda, onların qanunvericilik sistemlərində də müəyyən oxşarlıqlar var. Ona görə də bu etirazların Albaniya, Portuqaliya və digər ölkələrə yayılması ehtimalı həmin ölkələrdə də oxşar problemlərin mövcudluğundan asılıdır. Əgər orada da bu cür çətinliklər yaranarsa, insanlar öz narazılıqlarını müxtəlif formalarda ifadə edə bilərlər. Ancaq hazırda Fransada baş verən hadisələrin mütləq şəkildə digər ölkələrə də yayılacağını demək olmaz. Makron hakimiyyətində müəyyən problemlər mövcuddur. Fransanın əhalisi də bu problemləri yaxşı bilir və Makrondan onların həlli üçün məsuliyyəti öz üzərinə götürməyi və vəziyyəti düzəltməyi tələb edir. Ancaq görürük ki, bu proseslər artıq uzun müddətdir davam edir. Əslində, Makron 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürsə də, sürməsə də, onun siyasi düşərgəsinin həmin seçkilərdə məğlub olması mümkündür", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31