Qarabağ və Şərqi Zəngəzur öz tarixinin yeni mərhələsini yaşayır- ÖZƏL
15:46 Siyasət"Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi işğal və azadlığı özündə ehtiva edən mühüm reallıqdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. Sözsüz ki, bu gün işğaldan azad edilən rayon və şəhərlərimiz kimi Qubadlı da yeni dövrünü yaşayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Erməni barbarlığının dağıtmış, viran qoymuş torpaqlarımıza həyat qayıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzur öz tarixinin yeni mərhələsini yaşayır. Bu İşğaldan sonra bərpa-quruculuq fəlsəfəsinin ruhunu özündə ehtiva edir.
Qubadlı rayonunda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şəhərdə ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə cari il iyunun 16-da başlanılıb. Ümumi sahəsi 3,34 hektar olan yaşayış kompleksində 14-ü üçmərtəbəli, 7-si dördmərtəbəli olmaqla, ümumilikdə 21 binanın inşası nəzərdə tutulub. Kompleksdə əsasən iki və üçotaqlı olmaqla, 176 mənzil yerləşəcək. Artıq binaların bünövrə işləri tamamlanıb, tikinti işləri davam etdirilir.
Əminik ki, həyata keçirilən layihələr Qubadlının inkişafına, sakinlərin doğma yurdlarına qayıdışına və burada firavan həyatın bərpasına mühüm töhfə verəcək. Qubadlıda aparılan quruculuq işləri Böyük Qayıdışın və azad edilmiş torpaqlarımızda yeni həyatın qurulmasının bariz nümunəsidir".