Postsovet məkanını təhlükəyə atan "Dizel sövdələşməsi"inin nəticələri necə olacaq?-Özəl

"Rusiya-Ukrayna müharibəsi Rusiya-ABŞ, Donald Tramp-Putin münasibətlərinin dərinləşməsi ilə qlobal siyasi nizama, xüsusən də postsovet məkanına ciddi siyasi təsir göstərən prosesə çevrilir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi-hüquqşünas Vüqar Dadaşov deyib: "Donald Trampın noyabrda ABŞ Konqresinə keçiriləcək seçkilər ərəfəsində daxili və beynəlxalq yanacaq qiymətlərinə təsir etmək məqsədilə Rusiya ilə dizel yanacağına dair razılaşması, Ukraynadan faktiki kapitulyasiyanı nəzərdə tutan şərtlərin qəbulunu tələb etməsi, Prezident Zelenskini dəyişdirmək tələbi, informasiya və sosial media vasitəsilə Zelenskiyə qarşı faktiki təhdid mahiyyətli açıqlamaları, Rusiyaya qarşı ağır sanksiyaların qüvvəyə minməsindən imtina etməsi, ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsində gecikmələr və Starlink şirkətinin də bu prosesə qoşulması artıq Rusiya-Ukrayna müharibəsinin Trampın özünün Zelenskiyə və Ukraynaya qarşı müharibəsi müstəvisinə keçdiyi qənaətini ortaya çıxarır. Ancaq Tramp siyasətinin Ukraynaya qarşı Konqres seçkilərindən sonra dəyişəcəyi ehtimalı olsa da, onun Rusiyaya və Putinə ümumi isti münasibətinin dəyişəcəyi inandırıcı deyil.
Əslində, Ukrayna Prezidenti Volodimir Zelenskinin Trampın tələblərini qəti rədd etməsi Trampın seçkiqabağı siyasi hesablamalarını çətinləşdirmir. Əksinə, Trampın ikinci prezidentlik dövrünün ilk mərhələsindən Rusiya yönümlü siyasəti və hazırda da ABŞ daxilində yanacağın qiymətini aşağı salmaq, bunun hesabına elektoratın dəstəyini qazanmaq istəyi ilə Putinlə əməkdaşlığı Tramp administrasiyasının siyasi taleyini ciddi sual altına salır.
Zelenskinin son bəyanatı da göstərir ki, proses Trampın siyasi maraqlarının əksinə işləyə bilər. Ukrayna Prezidentinin Trampın Ukraynanın maraqlarına uyğun sülh istədiyinə əmin olmadığını, Ukraynanın milli maraqlarını nəzərə alacağına inanmadığını bildirməsi həm ABŞ daxilində, həm də Qərb koalisiyasında Trampa etimada, şübhəsiz ki, təsir göstərir.
Beləliklə, seçkiqabağı dövrdə yanacağın qiymətini aşağı salmaq və elektoratın dəstəyini qazanmaq məqsədilə yürüdülən siyasət Trampın siyasi mövqeyini möhkəmləndirmək əvəzinə zəiflədə bilər. Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı qərarların imzalanmasından imtina edilməsi isə onun Rusiyaya münasibətdə güzəştli siyasət yürütməsi barədə tənqidləri gücləndirir".

Onun sözlərinə görə, artıq Trampın mənsub olduğu Respublikaçılar Partiyasında Donald Trampın siyasətinə qarşı çıxan senatorlar, konqresmenlər və digər nüfuzlu xadimlər var. Roger Wicker, Michael McCaul, John Cornyn, Thom Tillis, Mitch McConnell, Thomas Massie və başqaları Trampın Rusiya yönümlü siyasətini ciddi tənqid edirlər və çox güman ki, Tramp bu seçkini Demokratlar Partiyasına uduzacaq. Bu da onun müxtəlif xarakterli siyasi məğlubiyyət riskini ciddi artırır: "Nəticə etibarilə, Trampın Ukraynaya qarşı siyasəti Rusiyanın qlobal güc statusunu bərpa etməsinə və postsovet məkanında təsirini genişləndirməsinə xidmət edir. Ukraynanın faktiki kapitulyasiyası rəsmiləşərsə, Rusiyanın NATO üzvü olan ölkələrə hərbi müdaxiləsi ehtimalı fonunda, Finlandiya, Norveç və Polşadan fərqli olaraq, Baltikyanı respublikalara hərbi müdaxilə ssenarisi daha real görünür. Çünki belə bir müdaxilənin digər keçmiş sovet respublikalarına siyasi və psixoloji təsiri daha güclü ola, onların Rusiyanın tələblərinə müqavimət iradəsini zəiflədə bilər.
Donald Trampın Ukraynaya və NATO müttəfiqlərinə qarşı siyasəti Alyans daxilində parçalanmanı dərinləşdirir və Avropanın müstəqil siyasi-hərbi blok yaratması prosesini sürətləndirir. Tramp hakimiyyətdən getdikdən sonra NATO-da birliyin bərpası mümkün olsa da, Avropanın müstəqil hərbi gücə çevrilməsi prosesi geri dönməz xarakter ala və ilkin mərhələdə NATO ilə əkdaşlıq etməklə sonda ayrıca hərbi blokun formalaşması ilə nəticələnə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31