İkili standartlar məsələsi Azərbaycanın diplomatik arqumentinin əsas xəttidir-Özəl

"Bakı daha bir beynəlxalq tədbirə evsahibliyi edərək diqqətləri Azərbaycana yönəltdi. Ölkəmizdə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyev çıxış edərək mühüm mesajlar verdi. Ölkə rəhbərinin çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasətini və regionda formalaşan yeni geosiyasi reallıqları əks etdirən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısı çıxışında beynəlxalq hüququn prinsiplərinin ardıcıl tətbiqinin vacibliyini, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin tarixi-siyasi əhəmiyyətini, eləcə də regional sülhün, təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini vurğuladı. Prezidentin səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolu, beynəlxalq təşkilatların fəaliyyətinə münasibətini və gələcək əməkdaşlıq prioritetlərini geniş siyasi kontekstdə təhlil etməyə imkan verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son 35 ildə formalaşdırdığı xarici siyasət kursunun geniş siyasi-strateji təqdimatı kimi qiymətləndirilməlidir. Bu çıxışın mühüm xüsusiyyəti ondan ibarətdir ki, Prezident Azərbaycanı yalnız konkret bir regionun siyasi gündəliyi çərçivəsində deyil, Asiya ilə Avropa arasında yerləşən, müxtəlif geosiyasi və iqtisadi məkanları birləşdirən aktor kimi təqdim edir. Azərbaycanın nəqliyyat, enerji, rəqəmsallaşma, humanitar və digər istiqamətlərdə həyata keçirdiyi siyasətin regional təhlükəsizliklə birbaşa əlaqələndirilməsi də məhz bu yanaşmanın tərkib hissəsidir. Prezidentin vurğuladığı kimi, Azərbaycan müstəqil xarici siyasət həyata keçirir və bu siyasətin əsasını dövlətlərin suveren bərabərliyi, daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü və suverenliyə hörmət kimi prinsiplər təşkil edir. Bu məqam xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycanın beynəlxalq siyasətdə mövqeyi ayrı-ayrı dövlətlərə və ya siyasi bloklara münasibətdən daha çox, universal hüquqi prinsiplərin ardıcıl tətbiqinə əsaslanır.

Prezidentin çıxışında xüsusi diqqət yetirilən məsələlərdən biri beynəlxalq münasibətlərdə ikili standartların və seçici yanaşmaların yolverilməzliyidir. İkili standartlar məsələsi Azərbaycanın diplomatik arqumentinin əsas xəttidir. Azərbaycanın mövqeyinə görə, beynəlxalq hüququn prinsipləri yalnız müəyyən dövlətlərə münasibətdə tətbiq edilməməli, bütün dövlətlər üçün eyni hüquqi və siyasi meyarlar mövcud olmalıdır. Prezident məhz bu kontekstdə Azərbaycanın 30 il ərzində üzləşdiyi işğal, etnik təmizləmə və məcburi köçkünlük problemini xatırlatdı.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qüvvələrinin çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, həmin sənədlərin uzun illər ərzində icra olunmaması beynəlxalq sistemin əsas problemlərindən birini ortaya qoydu: qərar qəbul etmək ilə həmin qərarın icrasını təmin etmək arasında ciddi boşluq mövcud idi. Prezidentin çıxışında bu məqam ayrıca vurğulandı. Burada məsələ yalnız Azərbaycan-Ermənistan münaqişəsi ilə məhdudlaşmır. Azərbaycanın ortaya qoyduğu yanaşma daha geniş sualı gündəmə gətirir: əgər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası təmin olunmursa, həmin qərarların beynəlxalq təhlükəsizlik sistemində real çəkisi nə qədərdir? Bu baxımdan Azərbaycan təcrübəsi beynəlxalq münasibətlər sistemində hüquqi mexanizmlərin gücləndirilməsinin vacibliyini göstərən nümunələrdən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31