Rusiyanın TRIPP layihəsinə marağı regionda geosiyasi rəqabəti gücləndirir-ÖZƏL

"TRIPP layihəsinə Rusiyanın maraq göstərməsi Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin gələcəyi uğrunda geosiyasi rəqabətin yeni mərhələyə keçdiyini göstərir. Moskva bu prosesdə iştirak etməklə regionda formalaşan yeni logistika arxitekturasından kənarda qalmamaq və ənənəvi təsir imkanlarını qorumaq niyyətini nümayiş etdirir. Lakin Rusiyanın layihədə iştirak etməyə hazır olduğunu bildirməsi hələ onun bu prosesə cəlb olunacağı anlamına gəlmir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:

" Bunun üçün layihənin əsas iştirakçılarının siyasi razılığı və konkret əməkdaşlıq mexanizmləri tələb olunur.
Burada əsas məqam ondan ibarətdir ki, Cənubi Qafqazın nəqliyyat xəritəsi artıq yalnız regional dövlətlərin deyil, ABŞ-dən Rusiyaya qədər bir sıra güc mərkəzlərinin maraqlarının kəsişdiyi istiqamətə çevrilib. Hər bir tərəf yeni marşrutlarda iştirak etməklə iqtisadi imkanlarını genişləndirməyə və regional proseslərdə mövqeyini möhkəmləndirməyə çalışır. Ancaq TRIPP-in gələcəyini müəyyənləşdirəcək əsas amil bəyanatlar deyil, layihənin idarəetmə modeli, təhlükəsizlik mexanizmləri və iştirakçıların qarşılıqlı razılaşmaları olacaq.
Azərbaycan baxımından isə əsas prioritet Naxçıvanla bağlantının təmin edilməsi, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi və bütün kommunikasiyaların Azərbaycanın suverenliyi çərçivəsində fəaliyyət göstərməsidir. Bakının marağı hansısa güc mərkəzinin marşrut üzərində üstünlük qazanmasından deyil, Azərbaycanın regional nəqliyyat qovşağı kimi strateji əhəmiyyətinin artmasından ibarətdir. Rusiyanın layihəyə mümkün qoşulması da məhz bu reallıq və regional tərəflərin maraqları kontekstində qiymətləndirilməlidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31