MÖVHUMAT İMAN DEYİL, DÜŞÜNCƏNİN ƏSİR ALINMASIDIR – Cavid İsmayıl yazır

Cavid Əjdəroğlu İsmayıl
Əfəndilər!
Mövhumat insanın bilmədiyi şeyə inanması deyil, həqiqəti araşdırmadan, düşünmədən və sorğulamadan qəbul etməsidir. İman insanın mənəvi kamilliyinin, vicdanının, ədalət hissinin və məsuliyyət duyğusunun inkişafına xidmət etməlidir. Mövhumat isə insanın düşünmək qabiliyyətini zəiflədir, onu qorxuya, xurafata və başqalarının təsiri altına düşməyə sürükləyir.
Ən təhlükəli məqam odur ki, mövhumat bəzən din adı altında təqdim edilir. Belə olduqda insan dini dəyərlərin mahiyyətini anlamaq əvəzinə, başqalarının dediklərini mütləq həqiqət kimi qəbul edir. Ağıl arxa plana keçir, sual vermək hörmətsizlik, araşdırmaq isə inanca zidd davranış kimi göstərilir. Halbuki həqiqəti axtarmaqla kor-koranə itaət etmək eyni şey deyil.
Bəs mövhumatın dövlətçiliyə nə aidiyyəti var?
Əslində, məsələ təkcə fərdin düşüncə tərzi ilə məhdudlaşmır. Cəmiyyətin düşüncə azadlığı, təhsilin səviyyəsi, milli maraqları dərk etmək qabiliyyəti və dövlət qarşısında məsuliyyət hissi dövlətin dayanıqlılığına və milli təhlükəsizliyinə təsir göstərən mühüm amillərdir.
Mövhumatın təsiri altında olan insan faktlarla şayiələri, həqiqətlə manipulyasiyanı, dini dəyərlə şəxsi marağı düzgün ayırd etmək qabiliyyətini itirir. Belə bir mühitdə cəhalətdən, qorxudan və kor-koranə itaətdən istifadə edən qüvvələrin cahil insanları yönləndirməsi asanlaşır. Xarici təsir mərkəzləri və müxtəlif radikal qruplar da bu zəifliklərdən öz məkrli məqsədlərini həyata keçirmək üçün asand yararlanırlar.
Dövlətçilik baxımından təhlükə məhz burada başlayır. İnsan milli maraqlardan daha çox manipulyativ çağırışların təsiri altına düşürsə, qanun və vətəndaş məsuliyyəti əvəzinə əsassız iddialara üstünlük verirsə, cəmiyyətin sağlam düşüncə mühiti zərər görür. Dini və ya ideoloji şüarlardan milli birliyi möhkəmləndirmək əvəzinə insanları bir-birinə qarşı qoymaq və cəmiyyətdə çaxnaşma yaratmaq üçün istifadə edilməsi ictimai sabitliyə, milli birliyə və dövlətin milli təhlükəsizliyinə ciddi təhdid yaradır.
Eyni zamanda, dindarlığı mövhumatla eyniləşdirmək olmaz və biz də bunları eyniləşdirmirik. Dini inanc insanın mənəvi seçimi və vicdan azadlığı məsələsidir. Əlbəttə ki, dövlət üçün təhlükə inancın özündə deyil, hər hansı inancın və ya ideologiyanın insanları aldatmaq, radikallaşdırmaq, cəmiyyətə qarşı qoymaq və qanunun aliliyini zəiflətmək vasitəsinə çevrilməsindədir.
Əfəndilər! Hər birimiz anlamalıyıq ki, güclü dövlət yalnız güclü orduya, iqtisadiyyata və təhlükəsizlik qurumlarına malik olmaqla məhdudlaşmır. Güclü dövlət həm də düşünən, araşdıran, milli maraqları dərk edən, milli kimliyinə bağlı olan, dini dəyərlərlə xurafatı, tənqidi düşüncə ilə kor-koranə itaəti ayırmağı bacaran vətəndaşlara söykənir.
Təhsilin, elmin, sağlam dini maarifləndirmənin və hüquqi düşüncənin əhəmiyyəti də buradan irəli gəlir. İnsan nə qədər çox məlumatlı, savadlı və intelektual düşüncəli olarsa, onu yalanla aldatmaq, qorxu ilə idarə etmək və yad maraqların alətinə çevirmək bir o qədər çətinləşər.
Unutmayaq ki, intelekti yüksək olan, düşünən insanı aldatmaq çətindir, milli şüuru formalaşmış, milli kimliyə bağlı olan insanı öz köklərindən ayırmaq çətindir, dövlətinin və xalqının maraqlarını dərk edən vətəndaşı isə yad məqsədlərin alətinə çevirmək daha çətindir.
Əfəndilər! Cəmiyyətimiz anlamalıdır ki, mövhumatın qarşısını almaq inanca qarşı mübarizə deyil. Bu, insanın düşünmək hüququnu, cəmiyyətin sağlamlığını və dövlətin milli təhlükəsizliyini və suverenliyini qorumaq məsələsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31