Azərbaycan aviasiyasında həyata keçirilən müsbət dəyişikliklər davam edəcək
12:32 Siyasət"Əmək Məcəlləsinə və "Aviasiya haqqında" Qanuna təklif olunan dəyişiklikləri təqdirəlayiq hesab edirəm. Uçuş heyətinin iş və istirahət vaxtının Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun tənzimlənməsi aviasiya sahəsinin xüsusiyyətlərini nəzərə alan mühüm addımdır.Ümumilikdə, Azərbaycan aviasiyasında son dövrlərdə həyata keçirilən islahatları, xidmətlərin təkmilləşdirilməsi və sərnişinlər üçün daha əlçatan uçuş imkanlarının yaradılması istiqamətində atılan addımları müsbət qiymətləndirirəm. Bu prosesdə AZAL rəhbərliyinə də təşəkkürümü bildirmək istəyirəm. Aviasiyanın inkişafı davamlı iş, düzgün idarəetmə və sərnişinlərin ehtiyaclarına diqqət tələb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib: "Xüsusilə, əlçatan qiymətlərlə aviabiletlərin sayının artırılmasını və vətəndaşlara daha çox seçim imkanının yaradılmasını vacib hesab edirəm. Çünki aviasiyanın inkişafını yalnız sərnişinlərin və uçuşların sayının artması ilə ölçmək olmaz. Bu inkişafın nəticəsi həm də insanların gündəlik həyatında da yaratdığı imkanlarla ölçülür.
Adi vətəndaş üçün təyyarə ilə səyahət əlçatmaz bir seçimə çevrilməməlidir. İnsanlarımız ailələrinə baş çəkmək, təhsil almaq, müalicə olunmaq, işgüzar səfərlərə çıxmaq və dünyanı tanımaq üçün münasib qiymətlərlə uçmaq imkanına sahib olmalıdırlar. Bu baxımdan marşrutların genişləndirilməsi, rəqabət imkanlarının artırılması və qiymət siyasətində sərnişinlərin maraqlarının nəzərə alınmasının daha da genişləndirilməsi vacibdir.
Ümid edirəm ki, Azərbaycan aviasiyasında həyata keçirilən müsbət dəyişikliklər davam edəcək, daha çox istiqamət üzrə uçuş imkanları yaranacaq və aviabiletlər vətəndaşlarımız üçün daha əlçatan olacaq. Bu gün əlçatanlıq məhdud sayda ucuz biletin mövcudluğudur. İnanıram ki, daha çox insanın münasib qiymətlərlə səyahət edə bilməsi üçün imkanlar genişləndiriləcək.
İnanıram ki, aviasiyanın inkişafı ilə bağlı görülən işlər gələcəkdə həm Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə, həm də vətəndaşlarımızın imkanlarının genişlənməsinə xidmət edəcək".