Azərbaycanın diplomatik əlaqələrinin coğrafiyasının genişləndirir

"Müasir dünyada dövlətlərin gücü yalnız iqtisadiyyatı, ordusu və təbii sərvətləri ilə ölçülmür. Bu gün beynəlxalq siyasətdə mühüm amillərdən biri də gələcəyin siyasi düşüncəsinə təsir etmək, gənc liderlər arasında əlaqələr qurmaq və diplomatik təşəbbüsləri davamlı institutlara çevirmək bacarığıdır. Bu baxımdan Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması və onun katibliyinin Bakıda yerləşməsi məsələsinə yalnız gənclər siyasətinin tərkib hissəsi kimi baxmaq doğru olmaz. Burada daha geniş siyasi və diplomatik məzmun var". "Olaylar xəbər verur ki, bunu Milli Məclisin deputatı Vüqar İcgəndərov parlamenin iclasında deyib: "Qoşulmama Hərəkatı tarixi baxımdan hərbi-siyasi bloklardan kənarda qalmaq, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və müstəqil siyasət yürütmək hüququnu müdafiə etmək prinsipləri üzərində formalaşıb. Azərbaycan isə bu platformada sədrliyi dövründə gənclərin beynəlxalq əməkdaşlığını ayrıca istiqamət kimi gündəmə gətirib.
Mən burada üç mühüm siyasi məqamı qeyd etmək istəyirəm.
Birincisi, diplomatiyanın davamlılığıdır. Dövlətlər arasında münasibətlər yalnız prezidentlərin, nazirlərin və diplomatların görüşləri ilə məhdudlaşmır. Bu gün Bakıda bir araya gələn gənclər sabah öz ölkələrində diplomat, parlamentar, nazir və beynəlxalq təşkilat rəhbəri ola bilərlər. Deməli, gənclər diplomatiyası gələcək dövlətlərarası münasibətlərə qoyulan uzunmüddətli sərmayədir.
İkincisi, Bakının beynəlxalq siyasi platforma kimi roludur. Katibliyin Bakıda yerləşməsi təşkilati məsələ olmaqla yanaşı, beynəlxalq əlaqələrin koordinasiyası, yeni təşəbbüslərin hazırlanması və müxtəlif regionlardan olan gənclər arasında davamlı ünsiyyət üçün imkan yaradır.
Üçüncüsü, Azərbaycanın diplomatik əlaqələrinin coğrafiyasının genişlənməsidir. Qoşulmama Hərəkatı Asiya, Afrika, Latın Amerikası və digər regionlardan dövlətləri birləşdirir. Gənclər platforması bu ölkələrlə münasibətlərin yalnız rəsmi diplomatiya çərçivəsində deyil, elm, təhsil, innovasiya və mədəniyyət sahələrində də inkişafına xidmət edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31