Azərbaycan ilə Qırğızıstan əlaqələri günü-gündən genişlənməkdədir

"Azərbaycan ilə Qırğızıstanın ortaq soy-kök, mədəni-mənəvi dəyərlər, dil, dinə əsaslanan əlaqələri günü-gündən genişlənməkdədir". "Olaylar" xəbər verir ki, bunu  Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva parlamentin bugünkü iclasında çıxışı zamanı deyib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun qardaşlıq münasibətləri, qarşılıqlı dövlət səfərləri, sıx görüşləri iki ölkənin tarixi bağlarının yüksək etimad və həmrəylik ruhunda davam etməsində vacib rol oynayır.
Bu ilin iyul ayında Azərbaycan Prezidentinin Qırğız Respublikasına dövlət səfəri məhsuldar gündəliyi, qarşılıqlı iş birliyinin gücləndirilməsinə dair yekun nəticələri ilə diqqəti çəkdi. Səfər çərçivəsində iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, energetika, maliyyə, rəqəmsal təhlükəsizlik və digər aparıcı sahələri əhatə edən çoxsaylı sənədlər mübadilə olundu. 
Səfər zamanı keçirilən birgə mətbuat bəyanatında Azərbaycan Prezidentinin, "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" sözləri tərəfdaşlığımızın siyasi məzmununu dolğun şəkildə əks etdirir.
Son illərdə iki dövlətin mədəni-humanitar əlaqələrinin möhkəmləndirilməsi yönündə əhəmiyyətli addımlar atılır. Baxın, ölkələrimizdə ənənəvi şəkildə qarşılıqlı mədəniyyət günləri təşkil olunur. Həmrəyliyimizin ən gözəl nümunələrindən biri kimi Ağdamda Qırğızıstanın dəstəyi ilə "Manas" məktəbi tikilib. Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkı yaradılıb. Bakıda böyük Çingiz Aytmatovun abidəsi ucaldılıb, onun adını daşıyan park salınıb.  
Çingiz Aytmatovun əsərləri Azərbaycan teatrlarında böyük uğurla nümayiş olunur. Elə dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Qırğız dili və ədəbiyyatı auditoriyası açıldı. Bütün bunlar nədir? Yeni  nəslin qırğız dilini, ədəbiyyatını, dəyərlərini öyrənməsi ilə yanaşı, ortaq türk dəyərlərini öyrənməsidir. Onlarla böyüməsidir, yetişməsidir. İrsimizi daha dərindən kəşf etməsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31