İtaliyanın miqrant planı: Aİ-nin sığınacaq böhranına həll, yoxsa yeni risklər? ÖZƏL
16:11 Siyasətİtaliya Avropa İttifaqına qanunsuz gələn miqrantların sığınacaq müraciətləri baxılanadək Aİ-dən kənardakı təhlükəsiz üçüncü ölkələrdə (o cümlədən Ermənistan, Özbəkistan, Tunis və s.) saxlanılması üçün mərkəzlər şəbəkəsinin yaradılmasını təklif edib. Seutadakı son miqrant böhranından sonra irəli sürülən bu təşəbbüs Aİ vəsaitləri hesabına maliyyələşdirilməyi və miqrantların geri qaytarılması prosesini sürətləndirməyi hədəfləyir. Roma həmçinin inkişaf etməkdə olan ölkələrə verilən ticarət güzəştlərinin qanunsuz miqrantların reintroduksiyası ilə birbaşa əlaqələndirilməsini tələb edir.
İtaliyanın Albaniya modeli əsasında təklif etdiyi bu plan Aİ-nin miqrasiya böhranını həll edə bilərmi? Ermənistan və Özbəkistan kimi ölkələrin potensial saxlanma mərkəzləri siyahısına salınması bu regionlar üçün hansı siyasi və təhlükəsizlik riskləri yaradır?
"İtaliyanın Aİ-dən kənarda miqrant mərkəzləri yaratmaq planı miqrasiya böhranını qısa müddətdə qismən zəiflətsə də, hüquqi maneələr və Ermənistan ilə Özbəkistan üçün ciddi geosiyasi, daxili sabitlik və təhlükəsizlik riskləri yaradır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, bu təşəbbüs İtaliyanın Albaniya ilə reallaşdırdığı modelin daha geniş coğrafiyada tətbiqini nəzərdə tutur. Çəkindirici effekt anlayışı formalaşır burada və bunu belə izah etmək olar ki, miqrantların birbaşa Avropaya çatmayacağını bilməsi qanunsuz axını azalda bilər. Hüquqi mövqedən nəzər salsaq görərik ki, Avropa İnsan Hüquqları Məhkəməsi və milli məhkəmələr Aİ-dən kənar sığınacaq mərkəzlərini tez-tez qanunsuz hesab edir. Eyni zamanda burada müəyyən prosedur ləngimələr də mövcuddur, məsələn, sığınacaq müraciətlərinə baxılması və apellyasiya prosesləri mərkəzlərdə həddindən artıq sıxlıq yaradır. Maliyyə yükü də kifayət qədər çoxdur, çünki üçüncü ölkələrdə infrastruktur qurmaq və təhlükəsizliyi təmin etmək Aİ büdcəsinə milyardlarla avroya başa gəlir. Bu situasiyada mövcud olan əsas çətinliklərdən biri və ən təhlükəlisi isə, geri qaytarma çətinliyidir. Belə ki, müraciəti rədd edilən miqrantların mənşə ölkələrinə reintroduksiyası hələ də beynəlxalq müqavilələrdən asılıdır.
"Geosiyasi asılılığa nəzər salsaq görərik ki, Ermənistanın Aİ-dən maliyyə və vizasız rejim vizyonu qarşılığında bu yükü götürməsi daxili suverenliyi zəiflədir. Daxili siyasi gərginliklər də var həmçinin. Yerli ictimaiyyət və müxalifət ölkənin "miqrant düşərgəsinə" çevrilməsinə qarşı ciddi etirazlar qaldıra bilər və bu ölkədə böyük xaosa gətirib çıxarır. İnfrastruktur çatışmazlığını da əsas problemlərə əlavə edə bilərik. Ölkənin minlərlə miqrantı uzunmüddətli saxlamaq üçün logistik və inzibati resursları yoxdur. Bu proses regional təhlükəsizlik baxımından da risk hesab olunur. Cənubi Qafqazdakı kövrək sülh fonunda miqrant mərkəzlərinin yaradılması əlavə humanitar və təhlükəsizlik gərginliyi yaradır. Miqrantların ideoloji baxışlarını da nəzərə almaq lazımdır, çünki bu radikallaşma riski formalaşdırır. Orta Asiyada qapalı mərkəzlərdə saxlanılan miqrantlar arasında ekstremist ideologiyaların yayılması ehtimalı yüksəkdir", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova