Rusiya Azərbaycana qarşı təzyiq siyasətini davam etdirir- ÖZƏL
16:16 SiyasətRusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qarabağla bağlı son bəyanatı ümumilikdə Rusiyanın Azərbaycana qarşı həyata keçirdiyi sistematik təzyiqlərin davamıdır.
Diqqətçəkən məqam isə ondadır ki, Rusiya son günlər Azərbaycana qarşı həyata keçirdiyi təzyiqləri İranla koordinasiyalı şəkildə, siyasi təzyiq və təhdid siyasəti çərçivəsində paralel aparır. Mariya Zaxarovanın bəyanatından əvvəl Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya" Partiyasının deputatı Aleksandr Tolmaçyovun Azərbaycanı faktiki olaraq "Ukrayna ssenarisi" ilə hədələməsi, ardınca İranın ali dini liderinin müşaviri Əli Vilayətinin Zəngəzur marşrutu ilə bağlı əvvəlcə Azərbaycana, daha sonra isə Ermənistana təhdid xarakterli xəbərdarlıq etməsi barədə açıqlaması da bir-birini tamamlayan siyasi-diplomatik gedişlərdir.
Bəllidir ki, Rusiyanın Azərbaycanla həqiqi dostluq münasibətlərinin formalaşması mövcud reallıqda mümkün deyil. Çünki Rusiya 2020 və 2023-cü illərdən sonra Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallığı qəbul edə bilmir. Moskva Azərbaycanı regionun lideri, müstəqil siyasət yürüdən dövlət və artıq təkcə Cənubi Qafqazın deyil, bütövlükdə regionun güc mərkəzlərindən biri kimi tanımağı özünə sığışdırmır.
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Azərbaycanın artıq regional deyil, dünyanın orta güclərindən birinə çevrildiyi barədə verdiyi açıqlama da bu baxımdan Rusiya ilə bağlı proseslərlə əlaqəliliyi hiss olunur. Rusiyanın Azərbaycana qarşı təzyiqləri və Qarabağ məsələsini yenidən gündəmə gətirmək cəhdi məhz Moskvanın Cənubi Qafqaz planlarından irəli gəlir. Bu kontekstdə Zəngəzur dəhlizi və TRIPP layihəsi ətrafında İranla Rusiyanın maraqları daha çox üst-üstə düşür.
Vladimir Putinin əvvəlcə Ermənistanın Baş naziri Nikol Paşinyana, ardınca isə Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi, üstəlik bunun Kremlin təşəbbüsü ilə baş verməsi də prosesin ciddi mərhələyə keçdiyini göstərir. Moskvanın Rusiya-Ukrayna müharibəsində təşəbbüsü itirməsi onu Cənubi Qafqazdan daha möhkəm yapışmağa məcbur edir.
Bu kontekstdə Rusiya-Ukrayna müharibəsi Rusiyanın siyasi-hərbi nüfuzuna ciddi zərbə vurduğu halda, Cənubi Qafqazı itirməsi isə onun qlobal güc, böyük dövlət və imperial mövcudluğunu sual altına qoya bilər.
Artıq Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib. Ukrayna isə ABŞ-dan asılı olmayan siyasi iradə, hərbi potensial və hərbi sənaye imkanları formalaşdırdığı üçün Rusiya üçün Azərbaycanın və bütövlükdə Cənubi Qafqazdakı mövqelərini qorumaq strateji zərurətə çevrilib. Qaldı ki, Rusiya-Azərbaycan Strateji Müttəfiqlik Bəyannaməsinə, Moskva bunu daha çox Azərbaycanı öz təsir dairəsində saxlamaq üçün vasitə hesab edir. Azərbaycanın türk dünyasının ayrılmaz hissəsi olması, Türkiyə ilə real və təbii müttəfiqliyi, həmçinin İslam dünyasında artan nüfuzu Rusiyanın Azərbaycana qarşı daha sərt addımlar atmasını çəkindirən mühüm amillərdən biridir. Son günlər İranın Azərbaycanın AzTV kanalını "düşmən media" siyahısına daxil etməsi də Rusiya və İranın bir planının ayrı-ayrı hissələridir.
Ancaq reallıq da göz qabağındadır. Ümumilikdə, Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olma imkanları həm siyasi-diplomatik, həm də hərbi təhdid və psixoloji baxımdan qeyri-mümkündür. Artıq Rusiyanın Azərbaycanla çəkişmədə uduzduğu faktdır. Bunu Rusiyanın milyonlarla izləyicisi olan "Dojd" telekanalının tanınmış aparıcısı Mixail Fişman, siyasi elmlər namizədi İvan Priobrejenski və digər bir sıra rusiyalı analitiklər də açıq şəkildə etiraf edirlər.
Vüqar Dadaşov