Tehranın Kiyevə cavabı necə olacaq?- Ekspertdən ehtimallar- ÖZƏL

İran parlamentinin vitse-spikeri Əli Nikzad bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran ticarət gəmisinə endirdiyi zərbə cavabsız qalmayacaq. O, İran ərazisinə qarşı istənilən təcavüzün qanuni hədəfə çevriləcəyini vurğulayıb və Ukrayna, Böyük Britaniya ilə Bolqarıstanı ABŞ-nin hərbi əməliyyatlarına dəstək verməməyə çağırıb.

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

" Əgər burada söhbət coğrafi cəhətdən, yəni məsafə baxımından İranın Ukraynanı birbaşa hədəf alma potensialından gedirsə, İranın arsenalında artıq 2 000-2 500 km mənzilə malik raketlər var. Bunlar da Ukraynanın şərq vilayətlərinə qədər olan təxminən 1 500-1 600 km, hətta 2 000 km-ə qədər məsafədə yerləşən şəhərləri hədəf almaq üçün, əlbəttə ki, coğrafi baxımdan kifayət edir.
Ancaq burada sadəcə raketlərin mənzili önəmli deyil. Əgər İranın Körfəz ölkələrində, İraqda, Suriyada, İordaniyada və ya İsraildəki hədəfləri vurması ilə Ukraynanı vurmasını eyniləşdirsək, böyük bir səhvə yol vermiş olarıq.
Nəyə görə? Çünki İranın bu günə qədər ABŞ ilə münaqişə zamanı zərbə endirdiyi ölkələrə raket göndərməsi başqa bir ölkənin suveren hüquqlarını pozmurdu. Çünki raketlər ya dəniz üzərindən, Hörmüz körfəzi istiqamətindən gedirdi və birbaşa İran sərhədindən həmin ölkələrin sərhədinə çatırdı, ya da İran İraqla birbaşa qonşu olduğu üçün İraq ərazisinə zərbə endirirdi. Eləcə də Suriya və İsrail istiqamətində zərbələr endirmək mümkün olurdu. Ona görə də İran tərəfi burada hər hansı başqa bir ölkə ilə problem yaşamırdı.
Ancaq sabah İran bunu Ukrayna üçün etmək istəsə, əlbəttə ki, bu zaman ya Ermənistan, ya Gürcüstan, ya da Türkiyə ilə problem yaşamalıdır. Nəyə görə? Çünki raketi ora göndərmək üçün ya birbaşa Türkiyə üzərindən Qara dəniz istiqamətində yönləndirməlidir, ya da Ermənistan və Gürcüstan üzərindən Qara dənizə çıxmalıdır. Ona görə də İran üçün Ukraynaya birbaşa zərbə endirmək, bayaq dediyim kimi, raketlərin mənzili baxımından mümkün olsa da, praktik baxımdan mümkün deyil. Nə Türkiyə öz hava məkanından istifadəyə icazə verəcək, nə də Ermənistan və Gürcüstan.
Ona görə də bu, bir az fərqli yanaşma tələb edən məsələdir.
Ancaq İran Ukraynaya qarşı onsuz da kifayət qədər tədbirlər görüb. Söhbət bundan sonra bu dəstəyin təsirinin artırılmasından gedir. İran tərəfi "Ukraynaya layiqli cavab verəcəyik" deyəndə, mənə elə gəlir ki, onlar həm raket, həm də PUA texnologiyaları baxımından Rusiya ordusu ilə təcrübələrini bölüşməyi və ya birbaşa dəstək verməyi nəzərdə tuturlar. Bu da onsuz da Ukraynaya bir növ cavab sayılacaq.
Çünki yadınızdadırsa, Ukrayna tərəfi PUA-lardan istifadə etməklə Rusiyaya qarşı mübarizədə ciddi üstünlük əldə etdiyi dövrdə, təxminən bir-iki il əvvəl, Rusiyanın İran PUA-larını cəlb etməsi və onlardan birbaşa istifadə etməsi, həmçinin İran texnologiyası əsasında fərqli PUA proqramlarını həyata keçirməsi, onları öz ordusuna uyğun modifikasiya etməsi kimi hallar baş verdi. Bu isə Rusiyanın PUA sahəsindəki geriliyini aradan qaldırmasına kömək etdi. Sonrakı mərhələlərdə gördük ki, Rusiya artıq PUA hücumlarından müdafiə olunan tərəfdən PUA ilə hücum edən tərəfə çevrildi.
Yəni İran bu məsələdə Rusiyanı daha çox dəstəkləməklə, öz təcrübələrini daha çox bölüşməklə və ya birbaşa dəstəyini artırmaqla Ukraynaya daha ağır zərbələrin endirilməsinə səbəb ola bilər.
Ona görə də İranın alacağı qisas və ya atacağı addım, yəqin ki, bundan ibarət olacaq. Yoxsa Türkiyəni, Ermənistanı və Gürcüstanı görməzdən gəlib onların hüquqlarını pozaraq Ukraynaya birbaşa raket göndərməsi, yəqin ki, İranın yol verməyəcəyi bir səhv olar.
Çünki ərəb ölkələri münaqişənin tərəfinə çevrilmişdilər. Onların ərazisindən ABŞ rahat şəkildə istifadə edir və İrana zərbələr endirirdi. Amma Ermənistan və ya Türkiyə ilə bağlı belə bir vəziyyət yoxdur. Onların ərazisindən İrana qarşı hər hansı istifadə edilmir.
Ona görə də İran indi bu addımı atarsa, əslində, öz düşmənlərinin sayını artırmış olacaq. Hazırkı məqamda isə buna gedəcəyi inandırıcı görünmür.
Muzdlu və ya hərbi qulluqçu göndərmək məsələsinə gəlincə, mən düşünmürəm ki, İran öz əsgərlərini gedib Ukraynada döyüşmək üçün göndərsin. Çünki İran böyük dövlətdir. İran hansısa Şimali Koreya deyil və ya başqa kiçik bir dövlət deyil.
İranın çoxminillik dövlətçilik tarixi var. Bu tarixin min ildən çox hissəsi türk dövlətçiliyi tarixidir. Mən heç vaxt görmürəm ki, türk dövlətçilik tarixində və onun əsasında formalaşan bugünkü İran dövlətçiliyində hansısa başqa ölkənin maraqları uğrunda öz əsgərini döyüşə, ölümə göndərmək kimi bir ənənə olsun. İndi də bunu edəcəkləri inandırıcı görünmür.
Tarixi bir kənara qoysaq belə, strateji baxımdan da bu, İran üçün uyğun sayılmaz. Çünki belə bir addım ABŞ və onun müttəfiqlərini İrana qarşı quru əməliyyatına başlamaq üçün daha da cəsarətləndirə bilər.
İran hazırda özü quru əməliyyatı riski ilə üz-üzə olan ölkədir. Quru əməliyyatında isə canlı qüvvənin sayı artıq önəmli faktor olur. Lokal raket və PUA zərbələrində bu əsas amil deyil. Çünki burada raketlər, PUA-lar və qırıcılar ön planda olur.
Amma sabah İranın özündə quru əməliyyatı başlasa, onun Rusiyaya göndərəcəyi, demirəm 10 min və ya 20 min əsgər, hətta min əsgər, yüz əsgər belə özü üçün əhəmiyyətli olacaq.
Ona görə də indiki gərgin vəziyyətdə İranın belə bir addım atacağını düşünmürəm".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31