Xəzərdə açılan "üçüncü cəbhə": Ukrayna-İran gərginliyi Bakının sülh planlarını təhlükəyə atır – ÖZƏL

İran Məclisinin vitse-spikeri Əli Nikzad Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İranın ticarət gəmisinə endirdiyi zərbənin cavabsız qalmayacağını bəyan edib. Nikzad ölkəsinə qarşı təcavüzün törədildiyi istənilən məkanın hərbi hədəfə çevriləcəyini vurğulayaraq, Ukrayna, Böyük Britaniya və Bolqarıstanı ABŞ-nin hərbi əməliyyatlarına dəstək verməkdən çəkinməyə çağırıb. 

Mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, İran tərəfi təkcə parlament nümayəndələri səviyyəsində deyil, hətta xarici işlər naziri və SEPAH komandirləri səviyyəsində də Ukraynanın Xəzər dənizində İran gəmisini vurmasından sonra dəfələrlə bəyan ediblər ki, buna cavab vermirlər, amma məsələni yadda saxlayırlar və cavab veriləcək. Ukraynanın İran gəmisini vurmasından sonra İranın bu cür bəyanatları, əlbəttə ki, gözlənilən idi.

Bəs hərbi nöqteyi-nəzərdən İran Ukraynaya zərbə endirə bilərmi? 

Ümumiyyətlə, bu gün ballistik və qanadlı raketlərə malik olan ölkələr üçün məsafə əsasən həmin raketlərin uçuş imkanlarından asılıdır. Əgər uzaqmənzilli raketlər mövcuddursa, təəssüf ki, elə bir dövrdə yaşayırıq ki, raketlərin uçuş trayektoriyasından asılı olaraq bir ölkədən digərinə zərbə endirmək mümkündür. Eyni zamanda uzaqmənzilli pilotsuz uçuş aparatlarından da istifadə edilə bilər. Yəni hərbi baxımdan bu mümkündür. Başqa məsələ odur ki, həmin raket və ya pilotsuz uçuş aparatı hansı ölkələrin ərazisi üzərindən keçə bilər, həmin ölkələr onu Ukraynaya çatmamış zərərsizləşdirə bilərlərmi və ya buna imkan verərlərmi. Bu artıq məsələnin başqa tərəfidir. Amma müasir hərbi texnologiyalar baxımından belə bir imkan mövcuddur. Bunun üçün ölkələrin ümumi quru sərhədinə malik olması vacib deyil. Məsələn, Amerika ilə İran arasında minlərlə kilometr məsafə var. İsraillə İranın da quru sərhədi yoxdur, amma tərəflər bir-birinə zərbələr endirirlər.

İran Ukrayna müharibəsində Rusiyaya dəstək vermək üçün quru qoşun göndərə bilərmi? 

Mən güman etmirəm ki, belə bir addım atılsın. Bu, İranın münaqişədə birbaşa iştirakı demək olardı. İranla Rusiya arasında Şimali Koreya ilə Rusiya arasında bağlanan tipdə hərbi müqavilə yoxdur. Ona görə də hesab etmirəm ki, İran Ukraynaya qarşı hərbi qüvvə göndərsin. Ən qorxulu məqam odur ki, həm İran-ABŞ qarşıdurması, həm də Rusiya-Ukrayna müharibəsi daha geniş coğrafiyaya yayılır. Müharibənin əhatə etdiyi ərazilər genişlənir. Ukraynanın Xəzər dənizində İran gəmisini vurması müharibənin Xəzər hövzəsinə qədər gəlib çıxması deməkdir. Həm Ukrayna, həm də İran tərəfi bunu qeyd edir və bildirir ki, bu, üçüncü cəbhənin açılmasına səbəb ola bilər. İran-ABŞ qarşıdurmasında da artıq Qırmızı dəniz istiqamətində gərginliyin artdığını görürük. Bu, çox təhlükəli eskalasiya və müharibə coğrafiyasının genişlənməsi deməkdir. Başqa regionların da münaqişəyə cəlb olunması riski artır. Ən təhlükəli məqam da məhz budur. Təəssüf ki, proseslər bu istiqamətdə inkişaf edir. Əgər eskalasiya davam edərsə, bunun ən ciddi nəticələrindən biri Xəzər dənizi hövzəsində yerləşən ölkələr üçün yarana bilər. Azərbaycan da bu regionun bir hissəsidir. Müharibənin Cənubi Qafqaza yayılması Azərbaycanın bölgədə yaratmağa və möhkəmləndirməyə çalışdığı sülh proseslərinə mənfi təsir göstərə, onları ləngidə və ya poza bilər. Bu baxımdan bizim üçün ən təhlükəli ssenari müharibənin daha geniş ərazilərə yayılmasıdır. Müasir hərbi texnologiyalar şəraitində isə müxtəlif məsafələrdən bir-birinə zərbə endirmək texniki baxımdan mümkündür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31