Əlifba Günü: Azərbaycanın tarixi inkişafında mühüm dönüş nöqtəsi - ÖZƏL
12:54 Siyasət"Mənim yadımdadır, Azərbaycan əlifbasının dəyişdirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin imzaladığı fərman ölkənin tarixində mühüm dönüş nöqtələrindən biri oldu. Hələ 1990-cı illərdə latın əlifbasına keçidlə bağlı qərar qəbul edilmişdi. Lakin bu qərar uzun müddət tam icra olunmurdu. Bu da cəmiyyətdə narahatlıq yaradırdı. Düşünürdük ki, yenə də kiril əlifbasında qalacağıq, Moskvanın təsirindən tam qurtula bilməyəcəyik."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Ancaq Ulu Öndər qətiyyətli addım ataraq bu məsələni qısa müddətdə kökündən həll etdi. Həmin dövrdə latın əlifbasına keçidə qarşı çıxanlar da var idi. Onlar iddia edirdilər ki, kiril əlifbasından imtina etsək, guya Azərbaycan geriləyəcək, dilimiz zərər görəcək və digər problemlər yaranacaq. Halbuki həm Ulu Öndər, həm də bu ideyanı dəstəkləyən insanlar inanırdılar ki, latın əlifbasına keçid Azərbaycanın inkişafına əlavə stimul verəcək. Sonrakı illərdə də bunun doğru qərar olduğu öz təsdiqini tapdı.
Bununla yanaşı, bu günə qədər həllini gözləyən bəzi məsələlər də qalmaqdadır. Onlardan biri soyadlarımızın tam şəkildə milliləşdirilməməsidir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, xüsusilə müstəqillik dövründə doğulan uşaqların böyük əksəriyyəti hələ də rus mənşəli "-ov", "-yev" sonluqlu soyadlar daşıyır. İstənilən orta məktəbin birinci sinif jurnalına baxmaq kifayətdir ki, 20-30 şagirdin böyük hissəsinin soyadının hələ də bu sonluqlarla bitdiyini görəsiniz. Bu isə milli kimlik baxımından hələ tam nəticə əldə etmədiyimizi göstərir.
Düşünürəm ki, necə Ulu Öndər əlifba məsələsini qətiyyətlə həll etdi, Prezident İlham Əliyev də milli soyadların tətbiqi istiqamətində mühüm qərar qəbul etməklə tarixə düşə bilər. Biz belə bir addımı gözləyirik. Çünki İlham Əliyev milli dəyərlərin və vətənpərvərliyin qorunması məsələsində hər zaman prinsipial mövqe nümayiş etdirib.
Hesab edirəm ki, dövlət bu məsələnin həlli üçün mərhələli yanaşma tətbiq edə bilər. İlk mərhələdə yeni doğulan uşaqlara rus mənşəli soyad sonluqlarının verilməsi dayandırıla bilər. İkinci mərhələdə 18 yaşına çatmamış şəxslərin soyadlarının milliləşdirilməsi həyata keçirilə bilər. Üçüncü mərhələdə isə 18 yaşdan yuxarı vətəndaşların soyadlarını milliləşdirməsi təşviq oluna və bu proses müəyyən keçid müddəti ərzində, məsələn, iki il ərzində başa çatdırıla bilər.
Mən hesab edirəm ki, rus mənşəli soyad sonluqlarını daşımaq sovet dövründən qalan bir mirasdır və bu məsələyə yenidən baxılmalıdır. Əlifba islahatı ilə mühüm addım atılmışdısa, milli ad və soyad sisteminin gücləndirilməsi də milli kimliyin möhkəmləndirilməsi baxımından vacib hesab oluna bilər.
Digər müzakirə olunan məsələlərdən biri də dövlət hesabına fəaliyyət göstərən rusdilli məktəblərlə bağlıdır. Bu istiqamətdə də qərarların qəbul olunmasının ölkənin dil siyasəti və milli kimliyinin inkişafı baxımından əhəmiyyətli ola biləcəyini düşünənlər var."
İbrahim Məmmədli