İtaət davranışı idarə edir, sədaqət isə vicdanı- ÖZƏL
16:19 SiyasətHeydər Əliyev: "Həyatda insan hər şeyi öyrənir. İki keyfiyyətdən başqa - sədaqət və cəsarət. Bu keyfiyyətlər insanın qanında olur."
Tarixdə sədaqətlə itaət çox vaxt eyniləşdirilir. Düşünürəm ki, bunun kökündə bu iki anlayışın zahirən oxşar, mahiyyət etibarilə isə tamamilə fərqli olması dayanır. İtaət davranışı idarə edir, sədaqət isə vicdanı. İtaət əmrə tabe olmaqdır, sədaqət isə heç kimin görmədiyi anda belə daxili prinsipə sadiq qalmaqdır. Buna görə də itaəti tələb etmək mümkündür, sədaqəti isə yalnız qazanmaq olar.
İtaət çox vaxt şəraitdən doğur və şərait dəyişdikcə zəifləyir. Sədaqətin qaynağı isə xarakterdir. O, insanın mənimsədiyi dəyərlərdən, verdiyi sözün məsuliyyətindən və vicdanı qarşısında daşıdığı borcdan güc alır. Elə buna görə də sədaqətin həqiqi mahiyyəti rahat günlərdə deyil, məhz seçim anlarında üzə çıxır. Şəxsi maraqla mənəvi borc qarşı-qarşıya dayandıqda insanın kimliyini söylədikləri deyil, etdiyi seçim müəyyənləşdirir.
Məhz bu nöqtədə cəsarət sədaqətin ayrılmaz davamına çevrilir. Çünki insanın hansı dəyərlərə inandığını söyləməsi hələ onun sədaqətli olduğunu göstərmir. Həmin dəyərlərə ağır sınaqlar qarşısında da sahib çıxmaq cəsarət tələb edir. Sədaqət inamın ifadəsidirsə, cəsarət həmin inamı sonadək qorumaq iradəsidir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev deyirdi: "Həyatda insan hər şeyi öyrənir. İki keyfiyyətdən başqa - sədaqət və cəsarət. Bu keyfiyyətlər insanın qanında olur." Bu fikir insan xarakterinin mahiyyətini dəqiq ifadə edir. Sədaqət və cəsarət sonradan qazanılan vərdişdən daha çox, insanın mənəvi bütövlüyünü müəyyən edən keyfiyyətlərdir. Biri insanın nəyə bağlı olduğunu göstərirsə, digəri həmin bağlılığın hansı sınaqlardan keçə bildiyini nümayiş etdirir.
Sədaqət, itaət və cəsarət haqqında hələ çox yazılacaq. Çünki onlar insan xarakterinin, liderlik düşüncəsinin və dövlətçilik fəlsəfəsinin təməl anlayışlarıdır. Bu anlayışların mahiyyətini dərk etmədən nə fərdin davranışını, nə cəmiyyətin inkişafını, nə də dövlətlərin taleyini tam anlamaq mümkündür.
Tahir Mirkişili
Milli Məclisin deputatı