DÜNƏN KİYEV İDİ, BU GÜN MOSKVA...  – Cavid İSMAYIL yazır

Cavid  İSMAYIL

Əfəndilər!

Müharibə heç vaxt yalnız səngərlərdə və cəbhə xəttində baş vermir. Onun dağıdıcı izi şəhərlərin küçələrində, viran qalan evlərdə, itirilmiş uşaqlıq xatirələrində, anaların göz yaşlarında qalır.
Bu gün Moskva səmasında görünən Ukrayna dronları, səslənən hava həyəcan siqnalları və yaranan təhlükə bir həqiqəti yenidən gündəmə gətirir: başqasının evinə gətirilən müharibə alovu bir gün sahibinin öz qapısını da döyə bilər.
Bu müharibəni Ukrayna başlamadı. Hər kəsə məlumdur ki, bu, Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı hərbi müdaxilədir. Kreml beynəlxalq hüquqla tanınmış bir suveren ölkənin sərhədlərini pozaraq hərbi əməliyyatlara başladı və bunun nəticəsində yaşayış məntəqələri, xəstəxanalar, məktəblər, uşaq bağçaları, enerji obyektləri və mülki infrastruktur ağır zərbələrə məruz qaldı.
Müharibənin ən böyük faciəsi isə hər zaman olduğu kimi yenə də sadə insanların taleyində özünü göstərdi. Minlərlə insan həyatını itirdi, milyonlarla insan doğma yurdunu tərk etmək məcburiyyətində qaldı.
Bu mənzərə Azərbaycan xalqına tanışdır. Çünki Azərbaycan da uzun illər müharibənin, işğalın və humanitar faciələrin ağrısını yaşayıb. Həmin Kremlin birbaşa dəstəyilə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində şəhərlərimiz, yürd yerlərimiz dağıdıldı, yüz minlərlə insan öz evindən didərgin salındı. Rus şovinizminin süngüsü ilə ermənilərin törətdiyi Xocalı soyqırımı isə insanlıq tarixində mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü.
Tarix göstərir ki, separatizm, işğalçılıq və böyük güclərin siyasi oyunları nəticəsində ən ağır əzabı həmişə günahsız insanlar çəkir. Cənubi Qafqazda yaşanan hadisələr bunun acı nümunələrindən biridir.
Lakin bu gün başqa bir sual da cavab gözləyir: Ukrayna şəhərləri dağıdılarkən, dinc insanlar həyatını itirərkən, Rusiya cəmiyyətinin böyük hissəsi niyə buna qarşı daha ciddi mövqe göstərmədi?
Niyə başqasının faciəsi uzaq bir xəbər kimi qəbul edildi? Niyə müharibənin dəhşəti yalnız təhlükə öz qapılarına çatanda hiss olunmağa başladı?
Bu sual təkcə Rusiya üçün deyil, bütün dünya üçün ciddi dərsdir. Çünki müharibəyə laqeyd münasibət, həqiqətin təbliğatla əvəzlənməsi və başqasının ağrısına göz yummaq gec-tez daha böyük faciələrə yol açır.
Müharibə heç vaxt yalnız bir tərəfin yaşadığı ağrı olaraq qalmır. Dünən Kiyevdə, Xarkovda, Mariupolda eşidilən partlayış səsləri bu gün başqa şəhərlərin səmasında eşidilir. Müharibənin gətirdiyi qorxu sərhəd tanımır.

Əfəndilər!

Hər kəs anlamalıdır ki, insanlıq yalnız təhlükə insanın öz evinə çatanda xatırlanan dəyər olmamalıdır.
Azərbaycan xalqının yaddaşında belə bir həqiqət yaşayır: başqasına yaşatdığın ağrının bir gün öz qapını döyməyəcəyinə heç kim zəmanət verə bilməz.
Bu, intiqam çağırışı deyil. Bu, tarixin dəyişməz qanunudur. Zorakılıq üzərində qurulan siyasət uzunömürlü olmur. Silahla xalqların iradəsini sındırmağa çalışanlar gec-tez yaratdıqları böhranın nəticələri ilə üzləşirlər.
Bu gün Moskva səmasında eşidilən həyəcan siqnalları yalnız bir şəhərin təhlükəsi deyil. Bu, illərlə davam edən qanlı, imperiya maraqlarına xidmət edən siyasətin doğurduğu nəticələr haqqında ciddi xəbərdarlıqdır.
Tarixin verdiyi ən böyük dərs budur: başqalarının göz yaşını görməyənlər bir gün öz göz yaşlarının da nə qədər ağır olduğunu anlayırlar.
Kaş ki, bu həqiqət minlərlə insan həyatını itirməzdən əvvəl dərk ediləydi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31