Azərbaycan mətbuatı bütün dövrlərdə cəmiyyəti düşündürən məsələlərə töhfəsini verib- ÖZƏL
15:00 Siyasət"Mətbuatımız yaranmasının 151 illiyini qeyd edir. 1875-ci il iyulun 22-də böyük maarifçi, naşir Həsən bəy Zərdabi tərəfindən qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü - "Əkinçi" qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Həmin dövrdə bütün Qafqazda böyük əks-səda doğuran bu mühüm tarixi hadisə Azərbaycan maarifçilik hərəkatının inkişafına, milli oyanışa, milli özünüdərkin və düşüncə azadlığının formalaşmasına təkan vermiş, mütərəqqi jurnalist, publisist və ziyalı nəslin yetişməsində əhəmiyyətli rol oynamışdır". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib:
"Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, zəmanənin qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində, Azərbaycan ədəbi dilinin inkişafında müstəsna xidmətlər göstərmiş, azadlıq və müstəqillik kimi xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermişdir.
Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin "Əkinçi"nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Dəbistan", "İrşad", "Tazə həyat", "Molla Nəsrəddin", "Tərəqqi", "Həqiqət", "Məktəb", "Açıq söz" kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli "Kaspi" qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi"