Etnik nifaq cəhdləri iflasa məhkumdur: Kreml ikitərəfli sülh formatını "həzm edə bilmir"– ŞƏRH – ÖZƏL
16:34 Siyasət"Bu bir reallıqdır ki, bir sıra digər güc mərkəzləri və paytaxtlar kimi, Rusiyada da hakimiyyət daxilində mövcud olan radikal qüvvələr, eləcə də bu ölkədə fəaliyyət göstərən anti-Azərbaycan dairələr Azərbaycanın 44 günlük Vətən müharibəsi və ondan sonrakı bir günlük antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsini, Qarabağdakı separatçı liderlərin həbs edilərək Bakıda ədalət məhkəməsi qarşısına çıxarılmasını qəbul edə bilmir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elşad Paşasoy deyib. Ekspert bildirib ki, eyni zamanda Azərbaycan Prezidentinin Ermənistanla danışıqlarda ikitərəfli formata üstünlük verməsi və bu istiqamətdə aparılan uğurlu siyasətin konkret nəticələr ortaya qoyması da Kreml tərəfindən həzm edilmir. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Rusiya döyüşlərin dayandırılması istiqamətində təşəbbüs göstərdi və sonrakı mərhələlərdə üçtərəfli komissiyalar vasitəsilə proseslərə təsir imkanlarını qoruyub saxlamağa çalışdı.
Lakin sonrakı dövrdə Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsi, xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəmir yolu xəttinin, gələcəkdə isə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində prinsipial mövqe ortaya qoymaması nəticə etibarilə onun regional proseslərdə uduzmasına gətirib çıxardı.
Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirdiyi görüşdə razılaşma əldə olundu, sülh sənədi paraflandı. Artıq rəsmi İrəvan da anlayır ki, Azərbaycanın təqdim etdiyi sülh təşəbbüslərinə əməl etməyin alternativi yoxdur. Bu prosesdən Ermənistanın özü də uduşla çıxacaq. Azərbaycan ərazisindən tranzit yolların ayrılması, Ermənistana yükdaşımaların həyata keçirilməsi, Azərbaycan benzinlərinin İrəvanda satışına başlanması, iki ölkə arasında ticarət əlaqələrinin qurulması, vətəndaş cəmiyyəti nümayəndələri və rəsmi şəxslər arasında müxtəlif səviyyələrdə kommunikasiya kanallarının açılması bu formatın uğurlu olduğunu artıq sübut edib. Lakin oyundan kənarda qalmış Kreml bu situasiya ilə barışa bilmir və proseslərdə yenidən aktiv rol almaq üçün cəhdlər göstərir. Bu məqsədlə 1990-cı illərdə və ondan əvvəlki dövrlərdə dəfələrlə sınaqdan çıxarılmış etnik faktora yenidən müraciət edilir. Etnik qarşıdurma yaratmaqla bölgədə öz varlığını sübut edəcəyini düşünürlər.
Ekspert qeyd edib ki, halbuki 1990-cı illərdə Azərbaycanın zəif olduğu, torpaqlarının işğal altında qaldığı bir dövrdə belə etnik faktor Rusiyaya uğur gətirməmişdi. Azərbaycan cəmiyyətində yaşayan bütün xalqların nümayəndələri dövlət maraqları naminə bir mövqe ortaya qoymuşdular. İndiki halda isə torpaqlarını azad etmiş, beynəlxalq nüfuz qazanmış güclü Azərbaycanın vətəndaşlarını hansısa xarici gücün, o cümlədən Rusiyanın alətinə çevirmək mümkün deyil. Bu cür təşəbbüslər iflasa məhkumdur.
Bu, hələ çar Pyotrun dövründən miras qalmış "parçala, hökm sür" siyasətinin davamıdır və artıq köhnəlmiş, effektivliyini itirmiş bir yanaşmadır. Rusiya hakimiyyəti anlamalıdır ki, Azərbaycanla münasibətlərin qurulmasının yeganə yolu qarşılıqlı hörmət və ikitərəfli əməkdaşlıqdan keçir. Təzyiq və təhdid dili ilə nə Azərbaycan dövlətinə, nə onun liderinə, nə də xalqına iradə diktə etmək mümkün deyil.
"Şübhəsiz ki, Rusiya hazırkı mərhələdə Cənubi Qafqazda varlığını qorumaq üçün yeni fürsətlər axtarır. Ötən il Azərbaycan mülki təyyarəsinin vurulması hadisəsi də bu təzyiq mexanizmlərinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Eyni zamanda Ermənistanda qarşıdan gələn seçkilər ərəfəsində Rusiyanın fəallaşması, "beşinci kolon"un hərəkətə gətirilməsi də regional planların tərkib hissəsidir. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı proseslərin sürətlənməsi Kremlin narahatlığını daha da artırır.
Bununla yanaşı, ABŞ Prezidentinin göstərişlərinə uyğun olaraq yüksək rütbəli amerikalı rəsmilərin regiona səfərləri, Zəngəzur dəhlizi ilə bağlı proseslərin aktivləşməsi barədə məlumatlar da Moskvada ciddi narahatlıq doğurur. Bəzi dairələr hesab edirlər ki, daxildə təlatümlər yaratmaqla proseslərə təsir göstərə bilərlər.
Lakin Azərbaycanda etnik qruplar dövlətçilik ideyası ətrafında sıx birləşiblər. Qarabağ uğrunda gedən döyüşlərdə müxtəlif millətlərin nümayəndələri şəhid olub, sağlamlıqlarını itirib, dövlət mükafatlarına, Milli Qəhrəman adına layiq görülüblər. Etnik mənsubiyyətindən asılı olmayaraq hər biri dövlət üçün əzizdir və dövlətin himayəsi altındadır. Bu, dünyada nadir rast gəlinən milli birlik nümunəsidir. Bu baxımdan, nifaq salmaq cəhdləri ilə xarici kəşfiyyat orqanlarının burada hansısa uğur qazanması mümkün deyil. Keçmiş əsrlərdə Azərbaycana qarşı qurulmuş planların artıq işləmədiyini anlamalıdırlar. Güclü və qalib Azərbaycan dövləti, onun xalqı lideri ətrafında sıx birləşib və bu cür meyilləri yerindəcə zərərsizləşdirməyə qadirdir," - deyə E. Paşasoy vurğulayıb.
Siyasi ekspert bildirib ki, əslində, Rusiya öz daxilindəki etnik problemlərə daha çox diqqət yetirsə, bu onun üçün daha faydalı olar. Xüsusilə Ukrayna müharibəsində böyük itkilər verən Rusiyanın qeyri-rus xalqların nümayəndələrini ön cəbhəyə göndərməsi gələcəkdə ciddi sosial-siyasi nəticələrə yol aça bilər. Sosial-iqtisadi vəziyyətin ağırlaşması da bu riskləri daha da artırır.
Bu mənada nə talışlar, nə ləzgilər, nə də digər etnik qrupların nümayəndələri Azərbaycanı öz vətəni hesab etdikləri halda Rusiyanın hansısa siyasi və ya kəşfiyyat oyunlarında alət olmağa razı olmazlar. Bunu birdəfəlik anlamaqda fayda var.
Bu gün Rusiyada qeyri-ruslara qarşı müxtəlif adlar və bəhanələr altında həyata keçirilən əməliyyatların şahidi oluruq. Azərbaycanlıların qətlə yetirilməsi, işgəncələrə məruz qalması, əsassız şəkildə həbs edilməsi, eləcə də digər millətlərin nümayəndələrinə qarşı zorakılıq hallarının törədilməsi, onların əmlaklarının müsadirə olunması və ya talan edilməsi faktları saysız-hesabsızdır.
Bu yaxınlarda dördüncü sinif şagirdi olan tacik uşağın məktəbdə vəhşicəsinə qətlə yetirilməsi faktı Rusiyada etnik mənsubiyyətə və miqrantlara qarşı münasibətin hansı səviyyədə olduğunu açıq şəkildə göstərdi. Təsadüfi deyil ki, Rusiya Prezidenti də baş verən hadisə ilə bağlı Tacikistan Prezidentinə başsağlığı verdi. Lakin bu, heç şübhəsiz ki, kifayətli deyil.
Ümumilikdə, Rusiyada qeyri-rus xalqlara qarşı təhlükəli bir dalğa müşahidə olunur və bu, Rusiyanın özünün daha çox narahat olmalı olduğu ciddi bir problemdir.
"Eyni zamanda unutmamalıdırlar ki, Azərbaycanın dövlət qurumları, təhlükəsizlik və hüquq-mühafizə orqanları daim ayıq-sayıq vəziyyətdədir. Dövlətin sütunu hesab olunan bu strukturlar ölkə daxilində hər hansı anti-milli və ya anti-dövlət meyillərinin baş qaldırmasına qətiyyən imkan verməz.
Azərbaycana qarşı planlaşdırılan istənilən ssenari vaxtında ifşa ediləcək, günahkarlar isə qanun qarşısında cavab verəcəklər. Bunun nümunələrini biz ötən illərin təcrübəsində dəfələrlə görmüşük," - deyə ekspert sonda əlavə edib.