“Ermənistanın Qərbə çıxışı Türkiyə və Azərbaycanla sülhdən keçir” – Taleh Əliyev – ÖZƏL
16:54 Siyasət"Qərb ümumilikdə Ermənistanı Rusiyanın nəzarətindən çıxaraq Qərbə inteqrasiya olunan bir dövlət kimi görmək istəyir və bu istiqamətdə Ermənistan üçün alternativ yolun məhz Türkiyə üzərindən keçdiyi hesab edilir. Bu isə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasından keçir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. O bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması isə qardaş Türkiyənin də birmənalı mövqeyindən aydın görünür ki, Azərbaycanın haqlı tələblərinə əməl olunmasından və Azərbaycanla hazırkı mərhələdə sülh müqaviləsinin imzalanmasından asılıdır. Şübhəsiz ki, Türkiyə-Ermənistan münasibətlərinin inkişafı təkbaşına Ermənistanın geosiyasi cəlbediciliyini tam təmin etmir. Çünki Türkiyə və Türkiyə üzərindən Ermənistana böyük həcmli yüklərin daşınmasından söhbət getmir. Əsas məsələ odur ki, Azərbaycan və Türkiyə vasitəsilə Qərbdən Şərqə, Şərqdən Qərbə uzanan Orta Dəhlizin Ermənistan hissəsindən daha aktiv və geniş şəkildə istifadə edilsin.
Ekspert qeyd edib ki, münasibətlərin bu səviyyəyə çatması üçün Qərbin də istəyi və həmçinin Ermənistandan əsas tələbi, Ermənistan-Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə keçid etməsidir. Bu baxımdan Ermənistan nazirinin açıqlaması həm də Qərb investorlarını yaranmış yeni şəraitdə Ermənistana sərmayə qoymağa təşviq etmək və Ermənistan üzərindən keçən kommunikasiya xətlərində yeni tərəfdaşları prosesə cəlb etmək məqsədi daşıyır.
Qeyd edək ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Almaniyada jurnalistlərə açıqlamasında Bakı-İrəvan sülh prosesində irəliləyişdən sonra Ermənistanın dünya üçün iqtisadi cəlbediciliyinin artdığını bildirib. Onun sözlərinə görə, hazırda Asiyanı Avropa ilə birləşdirən əsas "Orta Dəhliz" Azərbaycan-Ermənistan-Gürcüstan marşrutu üzərindən keçir və avropalı tərəfdaşlar bu yolun Türkiyə üzərindən Avropaya çıxışında da maraqlıdırlar.
Lamiyə Cəbrayılova