Aldığı təhsil və göstərdiyi bacarıq onu dövlət idarəçiliyinə gətirdi- ÖZƏL
14:01 Siyasət"12 dekabr Azərbaycan xalqı üçün sadəcə təqvimdə qeyd olunan bir gün deyil. Bu tarixdə biz təkcə bir liderin dünyadan köçməsini xatırlamırıq həm də bir epoxanı, bir məktəbi, bir dövlətçiliyin təməlini qoymuş bir insanı yad edirik. Heydər Əliyev haqqında düşünmək, əslində, Azərbaycan xalqının 20-ci və 21-ci əsrdə keçdiyi yolu yenidən gözdən keçirmək deməkdir. Çünki onun həyatı, fəaliyyəti, iradəsi və qərarları bir xalqın keçmişini də, bu gününü də, gələcəyini də müəyyən edən mühüm sütunlara çevrilib". "Olaylar" xəbər verir ki, bunu YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov deyib: "Heydər Əliyev 1923-cü il mayın 10-da qədim Naxçıvanda, zəhməti və səbrilə tanınan insanların yaşadığı bir mühitdə dünyaya gəlmişdir. O illər Azərbaycanın ən çətin dövrlərindən biri idi yoxsulluq, siyasi təlatümlər, məhdud imkanlar. Lakin deyirlər ki, böyük xarakterlər məhz çətinliklərin içində yetişir. Heydər Əliyevin həyat yolu da belə başladı.
Onun uşaqlığı zəhmət, sadəlik və ailə bağlılığı ilə yoğrulmuşdu. Gənc yaşlarından öz çiyinlərində həm ailəsinə, həm də öz gələcəyinə qarşı məsuliyyət hiss edən bir şəxs kimi formalaşdı. Təhsilə olan marağı, nizamlılığı və özünü inkişaf etdirməyə olan həvəsi onu daim irəli aparırdı. Bu dövr onun xarakterinin ən əsas xüsusiyyətlərini formalaşdırdı. Səbir, dəqiqlik, intizam, məqsədəbağlılıq, məsuliyyət və sözünə sahiblik. Sonrakı bütün fəaliyyətində bu xüsusiyyətləri aydın şəkildə görmək olurdu.
Gənclik illərində aldığı təhsil və göstərdiyi bacarıq onu dövlət idarəçiliyinə gətirdi. Heydər Əliyev hara gedirdisə, hansı vəzifəni daşıyırdısa, öz işini ən yüksək məsuliyyətlə yerinə yetirir, sistem qurmağı, nizam-intizam yaratmağı bacarırdı. Bu dövrdə qazandığı nizam-intizam sonrakı bütün fəaliyyəti boyunca qırmızı xətt kimi davam etdi".