Azərbaycan Avropanın enerji bazarlarında mövqeyini möhkəmləndirir - ÖZƏL

"Azərbaycanla Avropanın ayrı-ayrı dövlətləri arasında ikitərəfli siyasi dialoq və tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir. İndiyədək Azərbaycanla Aİ üzvü olan bir sıra dövlətlər arasında strateji tərəfdaşlıq haqqında sazişlər imzalanıb. Eyni zamanda, ikitərəfli iqtisadi əlaqələr də qənaətbəxşdir. Respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. İttifaqın region ölkələri ilə ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür". "Olaylar" xəbər verir ki, bunu  Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Prezident İlham Əliyevin Slovakiyaya ilk  rəsmi səfəri, səfər zamanı müzakirə olunan məsələlər  daha bir Avropa ölkəsi ilə  yüksək əlaqələrimizin inkişafının göstəricisidir. Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən ilin may ayında Bakıda  Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Bəyannamə Azərbaycan-Slovakiya gələcək əməkdaşlığının perspektivlərini  müəyyən edir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.  Bu məsələ də liderlərin görüşü zamanı diqqət mərkəzində oldu. Məlumdur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandum imzalanıb. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı isə yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Yalnız ötən il Azərbaycan Aİ ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Ölkəmizin xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükü Avropanın enerji şaxələndirilməsi baxımından vacib alternativ mənbə hesab olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31