Stəkanda fırtına: Ermənistan 3+3 görüşünü yenə müzakirəyə çevirir- ÖZƏL

Ermənistan Xarici İşlər Nazirliyi "3+3" formatında regional görüşün yeri ilə bağlı müzakirələrin davam etdiyini bildirib. XİN sözçüsü Ani Badalyan görüşün İrəvanda və ya Bakıda keçirilməli olduğunu deyib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə dekabrın 8-də qeyd etmişdi ki, Bakı növbəti görüşü əvvəlcə öz ərazisində, daha sonra isə Ermənistanda keçirməyi təklif edib, lakin Ermənistan tərəfi bu ardıcıllıqla razılaşmayıb. Azərbaycan bu rədd üçün səbəb görmür.

Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

" Bu çox önəmli bir məsələdir. 3+3 formatının   özü çox vacib bir prosesdir. Burada Cənubi Qafqaz ölkələrinin üçünün də iştirakı prosesin özü qədər önəmlidir. 
Artıq görünən budur ki, Ermənistan prosesdə daha aktiv iştirakda maraqlıdır və bunu müsbət qiymətləndirmək olar. Görüşün Bakıda və İrəvanda keçirilməsinə gəldikdə,  mən düşünürəm ki, növbəti görüşün Bakıda keçirilməsi daha məqsədəuyğun olar.
Gələcəkdə keçiriləcək digər görüşlərin İrəvanda olması da mümkündür, amma ilk görüşün Bakıda olması daha məqsədəuyğundur. Ermənistanda bu prosesi pozmasalar, daha məsləhətli olar. Yəni, buyurub Bakıdakı toplantının keçirilməsini dəstəkləsinlər və iştirak etsinlər. Müzakirələri uzatmaq Ermənistanın köhnə xislətidir, Paşinyanın və onun komandasının hər zaman etdiyi işlərdir. Hər bir müsbət prosesi uzadırlar, uzun-uzadı müzakirələrə çevirirlər və heç bir mənası olmayan şəkildə gərginlik mənbəyi yaradırlar. Ona görə də düşünüləsi bir məsələ, ortada problem kimi görünən bir mərhələ də yoxdur. Sadəcə olaraq, Ermənistan hər zaman "stəkanda fırtına" yaratmağı xoşlayır. İndi də belə bir önəmli məsələyə bu cür yanaşma göstərirlər. Amma deyim ki, hər zaman mane olmağa çalışmalarına baxmayaraq, onların mane olmaq istədiyi bütün proseslər gerçəkləşib. Bu da gerçəkləşəcək və görüş Bakıda keçiriləcək"  . 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31