Bəhruz Quliyev: Kreml fondları daxili işlərə qarışmaq üçün "yumşaq güc"ə çevrilə bilər – ÖZƏL
13:50 SiyasətRusiya prezidenti Vladimir Putin xaricdə humanitar, ictimai əlaqələr və əməkdaşlıq layihələri həyata keçirmək üçün "beynəlxalq layihələr" fondu yaradılması barədə fərman imzalayıb. Fondun Rusiyanın başqa ölkələrlə ictimai və humanitar sahədə təsirini artırmağı hədəflədiyi deyilir.
Maraqlıdır, bu fondun yaradılması Rusiyanın xarici siyasət strategiyasının hansı yeni istiqamətlərə yönəldiyini göstərir?
"Rusiya Prezidenti Vladimir Putinin "beynəlxalq layihələr" fondu yaratması Kremlin xarici siyasətində "yumşaq güc" elementlərinin gücləndirildiyini göstərir. Moskva artıq hərbi-siyasi alətlərlə yanaşı, humanitar, ictimai və informasiya təsirini artırmağa yönəlir. Bu fond vasitəsilə Rusiya müxtəlif ölkələrdə mədəni, təhsil və sosial layihələr həyata keçirərək öz mövqelərini ictimai rəy müstəvisində möhkəmləndirməyə çalışacaq. Düşünürəm ki, bu yanaşma bəzi qərb institutlarının praktikasına uyğunlaşdırılacaq."

Bu fikirləri siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert əlavə edib ki, region ölkələri, o cümlədən Azərbaycan üçün bu addım həm yeni əməkdaşlıq imkanları, həm də humanitar təsir rəqabətinin genişlənməsi deməkdir. Amma Azərbaycanda mədəni və ictimai sahələrdə əlaqələrin inkişafı üçün perspektivlər yaransa da, bu fəaliyyətin siyasi təsir alətinə çevrilməməsinə diqqət yetirmək çox vacibdir. Azərbaycanla Rusiya arasında münasibətlər bütün dövrlərdə həm qonşu, həm müttəfiq kimi yaxşı olub. Ancaq daha çox yaxınlaşma, müxtəlif layihələrin həyata keçirilməsi yalnız milli maraqları qorumaqla, ehtiyatla ola bilər. Çünki praktika göstərir ki, bu cür fondların fəaliyyəti sonda ölkələrin daxili işlərinə qarışmaqla "yumşaq güc" kimi istifadə edilir.
"Hesab edirəm ki, fondun yaradılması Rusiyanın postsovet məkanında ideoloji və humanitar fəallığını artırmağa yönəlmiş yeni mərhələnin başlanğıcı olacaq. Qeyd edək, ki, Donald Tramp bu cür fondların fəaliyyətinin ABŞ də dayandırılmasına qərar verib, indi isə bu sahədə boşluğu Rusiya doldurmağa çalışır," - deyə ekspert qeyd edib.
Lamiyə Cəbrayılova