Deputatlarımız Türkmənistanda həmkarları ilə görüşüblər- ÖZƏL

Deputatlarımız Türkmənistana səfəri çərçivəsində bu ölkədən olan həmkarları ilə görüş keçiriblər. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Hicran Hüseynova məlumat verib: "Türkmənistana səfər çərçivəsində Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri hörmətli Tənzilə Rüstəmxanlı ilə birlikdə Türkmənistan Məclisinin Elm, Təhsil, Mədəniyyət və Gənclər Siyasəti Komitəsinin sədri Mıradova Bayramgozel Mıradmuhammedovna, İnsan hüquq və azadlıqlarının qorunması komitəsinin üzvü Xocayeva Oğulmaral Gurbansaxedovna, eləcə də Beynəlxalq və Parlamentlərarası əlaqələr komitəsinin üzvü Baymyradova Şirin Seyitkuliyevna ilə görüşdük.
Görüş zamanı iki ölkə parlamentləri arasında əməkdaşlığın daha da genişləndirilməsi, qanunvericilik sahəsində qarşılıqlı təcrübə mübadiləsi və institusional əlaqələrin gücləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparıldı.
Tərəflər ailə, qadın və uşaq məsələləri üzrə birgə fəaliyyətin vacibliyini vurğulayaraq, bu sahələrdə müasir çağırışlara uyğun hüquqi mexanizmlərin təkmilləşdirilməsi, zorakılığın qarşısının alınması, sosial müdafiənin gücləndirilməsi və həssas qrupların müdafiəsi istiqamətində daha sıx əməkdaşlığın zəruriliyini qeyd etdilər.
Sosial siyasət sahəsində iki ölkənin təcrübələrinin müqayisəsi, əhali rifahının yüksəldilməsi, aztəminatlı ailələrin, şəhid ailələrinin və müharibə veteranlarının sosial təminatının yaxşılaşdırılması üzrə uğurlu modellər müzakirə olundu.
Görüşdə həmçinin qadınların cəmiyyət həyatında rolunun artırılması, onların dövlət idarəçiliyində, elmdə, təhsildə və iqtisadiyyatda iştirakı ilə bağlı iki ölkənin qanunvericilik təşəbbüsləri nəzərdən keçirildi. Gender bərabərliyinin təşviqi, qadın sahibkarlığının inkişafı və gənc qızların təhsil imkanlarının genişləndirilməsi sahəsində birgə layihələrin təşkili məsələləri diqqət mərkəzində oldu.
Tərəflər vurğuladılar ki, dayanıqlı inkişaf məqsədləri çərçivəsində humanitar əməkdaşlıq, mədəni və elmi mübadilə, gənclərin qarşılıqlı proqramlarda iştirakı, habelə parlament diplomatiyasının gücləndirilməsi regionda sülhə, sabitliyə və davamlı tərəfdaşlığa mühüm töhfə verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31