Prezidentlərin barış ismarıcı: Qafqaz üçün yeni pəncərə – ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyevin  ABŞ Prezidenti Donald Trampa təşəkkür məktubu  siyasi  gündəmi  zəbt edib.  Qeyd  edək  ki, dövlət başçısı Trampın sülh və sabitlik naminə səylərini yüksək qiymətləndirərək, onun qlobal gərginliyin azalmasına verdiyi töhfələrin ən yüksək beynəlxalq mükafatlara, o cümlədən Nobel Sülh Mükafatına layiq olduğunu bildirib. İlham Əliyev həmçinin iki ölkə arasında davamlı dialoq və əməkdaşlığın sülh və rifaha xidmət edəcəyinə əminliyini ifadə edib.

Olaylar.az-a açıqlama verən araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı təşəkkür məktubu, əslində, ikitərəfli münasibətlərlə birgə, bütün Güney Qafqazın gələcək sabitliyinin konturlarını göstərən önəmli siyasi jestdir. Prezident Əliyevin Trampın qlobal gərginliyin azalmasına verdiyi töhfələri yüksək qiymətləndirməsi, çağdaş beynəlxalq münasibətlərdə məsuliyyətli liderliyin roluna edilən çağırış kimi oxunmağı haqq edir.

Bu ismarıcların bölgəyə təsiri nədir?

Birincisi, qarşılıqlı sayğıduyarlıq dialoqu gücləndirir. Bakı-Vaşinqton xəttində nümayiş olunan güvən və səmimilik bölgəyə siqnal verir ki, Qafqazda artıq "əsəbi dönəmi" bitir, "rasional işbirliyi dönəmi" başlanır.
İkincisi, liderlərin barış vurğuları psixoloji baryerləri yumşaldır. Barış öncə beyinlərdə formalaşır; dövlət başçılarının ardıcıl humanist ismarıcları cəmiyyətlərin ruhuna toxunur - müsbət anlamda, əlbəttə və gərginliyi azaldır, güvən mühitini möhkəmləndirir.
Üçüncüsü, belə jestlər bölgəsəl aktorlara göstərir ki, Qafqaz yerli çıxarlarla yanaşı, qlobal sabitliyin də kəsişmə nöqtəsidir. ABŞ-Azərbaycan dialoqunun güclənməsi iqtisadi işbirliyindən tutmuş təhlükəsizlik arxitekturuna qədər bir çox sahədə yeni imkanlar açır.

"Sonuc olaraq, Əliyev-Tramp qarşılıqlı sayğı, güvən xətti göstərir ki, böyük siyasətdə bəzən bir məktub bütöv bir bölgənin taleyinə təsir edir. Əsas odur ki, barış iradəsi davamlı olsun və Güney Qafqazı yeni sabitlik epoxasına aparsın," - deyə türkoloq əlavə edib.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31