Heydər Əliyev irsi: Azərbaycanı qalibiyyətə aparan modern dövlət modeli – ÖZƏL
12:03 Siyasət"Ümummilli Lider Heydər Əliyev dövlətçilik tariximizin ən həssas məqamında ölkəni dağılma təhlükəsindən çıxarıb modern, hüquqa əsaslanan və milli həmrəyliyə söykənən dövlət modelinin siyasi, iqtisadi və ideoloji sütunlarını qurdu".
Bu fikirləri AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Günel Aslanlı Olaylar.az-a açıqlamasında deyib: Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, hərc-mərcliyindən, iqtisadi böhranından xilas etməklə yanaşı, yeganə problemimiz olan torpaqlarımızın işğaldan azad olunması üçün həm diplomatik müstəvidə, həm də döyüş meydanında möhkəm baza yarada bildi.
Heydər Əliyevin idarəçilik modeli ilk növbədə enerji strategiyasında makro-sabitlik üçün dayanıqlı maliyyə bazası yaratdı ki, bu da öz növbəsində qeyri-neft sektorunun genişlənməsinə, mərkəzlə regionların inteqrasiyasına və infrastrukturun modernləşməsinə imkan verdi. Nəticə etibarilə dövlət dayanıqlı inkişaf strategiyası ilə rəqabətədavamlı, uzunmüddətli planlama qabiliyyəti yüksək olan bir sistemə çevrildi.
Formalaşan çoxşaxəli kurs eyni anda regional, türk dünyası və Qərb platformalarında praqmatik əməkdaşlığı mümkün etdi. Ulu öndər Heydər Əliyevin siyasi təməlini qoyduğu enerji marşrutları diplomatiyanın əsas dayağına çevrilərək Azərbaycanın beynəlxalq danışıqlardakı çəkisini artırdı, öhdəliklərə sadiqlik və proqnozlaşdırıla bilən davranış isə ölkəmizin mövqeyini bugün "etibarlı tərəfdaş" kimi möhkəmləndirdi.
Heydər Əliyevin praqmatik siyasəti ilə vaxtında cızılan bu xətt ölkədə milli maraqları qoruyan, eskalasiyanı azaldan, iqtisadi-siyasi manevr sahəsini genişləndirən diplomatiya mədəniyyətini formalaşdırdı.
Bu irsin mərkəzində sadə, amma prinsipial tezis dayanır. Müstəqillik peşəkar idarəçilik, qanunun aliliyi, milli həmrəylik və uzaqgörən strategiya ilə qorunur. Bu, həm dövlətin dayanıqlığının, həm də cəmiyyətin inkişafının başlıca şərtidir.
Lamiyə Cəbrayılova