Azərbaycan və Mərkəzi Avropa əlaqələri möhkəmlənir

Prezident İlham Əliyevin Slovakiyaya tarixi rəsmi səfəri bir sıra məqamlarla yadda qaldı. Prezidentlərin mətbuata verdiyi açıqlamalarda iki ölkə arasında olan münasibətlərin inkişaf parametrlərini bir daha göstərdi. Slovakiya prezidentinin "Slovakiya Azərbaycanı regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir" fikirləri də onu deməyə əsas verir ki, qurulan münasibətlər bir çox sahələri əhatə edir. Bura iqtisadi, hərbi, texnoloji sahələri aid etmək olar.

Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında Azərbaycanın son illərdə xeyli artmış enerji potensialının miqyasını vurğuladı: "Bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur". Və bu siyahıya Slovakiya da qoşula bilər. Ölkə başçısı İlham Əliyev bildirdi ki:"Azərbaycan Slovakiyanın ehtiyacı olan hər hansı həcmdə enerji resurslarını təmin edə bilər." Söhbət artıq müvəqqəti ticarət razılaşmasından deyil, Avropanın enerji axınlarının strateji yenidən bölüşdürülməsindən gedir - burada Bakı əsas hab olur.

Dövlətimizin başçısı mətbuata bəyanatında müdafiə sənayesi sahəsində imkanları da qeyd etmişdir. Bu sahədə əməkdaşlığın əsas məqsədi sənayenin və texnologiyanın inkişaf etdirilməsidir. Həmin yanaşma yalnız texnoloji inkişafı dəstəkləmir, həm də regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edir. Azadlıq müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş paradda Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri dəvət olunmuş, bu jest iki ölkə arasındakı dostluğun və strateji tərəfdaşlığın mühüm göstəricisi kimi dəyərləndirilmişdir. Dövlətimizin başçısı mətbuata bəyanatında bildirib ki, biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük: "Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq".

Beləliklə, Prezident İlham Əliyevin bu səfəri Azərbaycan-Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsini təsdiqləyir və gələcək perspektivləri müəyyən edir.

Cəbi Quliyev

VI çağırış Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31