Ermənilər indi qərar verməlidir- ölkə keçmişin revanşizminə qapılmış bir "nostalji dövləti" kimi qalacaqmı, yoxsa ... ÖZƏL
10:10 Siyasət"Ermənistan 2026-cı ilə sülhə köklənmiş arxayınlıqla deyil, siyasi tələsiklik və vaxtsızlıq hissi ilə daxil olur.
Moldovanın Avropa kursundakı uğursuzluğundan sonra növbəti "böyük geosiyasi sıçrayış" məhz İrəvanın payına düşür. 2026-cı ilin iyununda ölkə sadəcə parlament seçməyəcək. Ermənistan özünün bu yeni regional düzəndə - 2020 və 2023-cü illərin məğlubiyyətlərindən, Qarabağın tam itirilməsindən sonra formalaşmış yeni reallıqda - yaşamaq gücünü sınayacaq." Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Alıoğlu deyib:" Bu dəfə Nikol Paşinyan kampaniyasını ənənəvi erməni "xilaskarlığı" və ya "tarixi missiya" ideyaları üzərində yox, "Reallı Ermənistan" modeli üzərində qurur. Bu model imperiya xəyallarından birdəfəlik əl çəkən, sərhədlərini açan, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıran, Moskva asılılığından xilas olan bir Ermənistanı nəzərdə tutur. Dönüm nöqtəsi 2025-ci ilin avqustunda Ağ Evdə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüş idi. Məhz orada tərəflər sülh sazişinin çərçivə sənədini ilkin olaraq razılaşdırdılar.
Bu siyasi xətt yalnız İrəvandakı köhnə elitanı deyil, son otuz ilin bütün erməni geosiyasi təfəkkürünü sarsıdır. Paşinyan "Reallı Ermənistan"ı "Tarixi Ermənistan" ideologiyasına qarşı qoyur - yəni irredentizm, itirilmiş torpaqlar və uydurulmuş imperiya keçmişi üzərində qurulan doktrinaya. Və bunu o, populizmdən yox, məcburiyyətdən edir. 2018-ci ildə inqilabın qəhrəmanı kimi hakimiyyətə gəlmişdi, indi isə siyasi kapitalı tükənib. Müxalifət pərakəndədir, onu devirmək gücündə deyil. Buna görə də əsas zərbə cəbhəsi artıq ölkə daxilindən yox, xaricdən gəlir.
Zərbə müxalifət partiyalarından deyil, beynəlxalq erməni lobbisindən və Rusiyadan gəldi. 2025-ci ilin noyabrında bu tandem açıq üzə çıxdı: ABŞ-da özünü "antiamerika revanşının səsi" kimi təqdim edən və Kremlə açıq rəğbəti ilə tanınan Taker Karlsonun verilişinə Narek Karapetyan - milyarder Samvel Karapetyanın qardaşı oğlu - çıxarıldı. Samvelin özü hazırda həbsdədir, onun tərəfdarları - millətçi diaspor dairələrindən tutmuş Apostol Kilsəsinin bir hissəsinədək - bunu "xristian dəyərlərinin müdafiəçilərinə qarşı ov" kimi qələmə verir.
Narək Karapetyanın çıxışı eyni "metodik qayda" ilə qurulmuşdu: Paşinyana hücumlar Kilsə mövzusu, LGBT məsələsi, "Qarabağın satılması" və "ölkənin Türkiyəyə təslim edilməsi" ittihamları ilə müşayiət olundu. Burada hər şey vardı - Karlsonun dini populizmi də, Moskvanın "çürüyən Qərb" ritorikası da. Amma 2025-ci ildə bu "duet"in səsi əvvəlki qədər güclü gəlmir. Rəylərə görə, Ermənistan cəmiyyətinin təxminən yarısı Bakıyla sülhü dəstəkləyir. Paşinyan kiməsə antipatik görünə bilər, uzun nitqləri ilə yorucu təsir bağışlaya bilər, amma onun deizolyasiya və normallaşma kursu bu gün real alternativsiz istiqamət kimi qəbul olunur.
Amma dayanıqlıq hələ uzaqdır. Ermənistanın gələcəyi üç açar məsələ ətrafında cəmlənib: Azərbaycanla sülh müqaviləsi, Türkiyə ilə sərhədin açılması və Vaşinqtonla strateji tərəfdaşlıq.
Azərbaycanla sənəd paraflanıb, lakin hələ imzalanmayıb. Bakı Ermənistan Konstitusiyasının preambulasında yer alan Müstəqillik Bəyannaməsinə və Qarabağa istinadı çıxarmaqda israrlıdır. Bu isə referendum deməkdir - seçkilərdən ayrı keçiriləcək, riskli, bahalı və siyasi cəhətdən partlayışa bərabər bir proses.
Türkiyə məsələsi. Sərhədin açılması təkcə simvolik jest deyil. Bu, həm də infrastruktur, ticarət və regional iqtisadi sistem baxımından dönüş nöqtəsidir. Ankara ehtiyatla davranır, amma fürsət pəncərəsi açıqdır: Rusiya uzunmüddətli müharibəyə ilişib, region yenidən bölünür. Türkiyə üçün bu proses sadəcə təsir zonasını genişləndirmək deyil, real siyasi dividendlər qazanmaq imkanına çevrilib.
Üçüncü istiqamət - TRIPP layihəsi ("Trumpchr("39")s Route for International Peace and Prosperity"). Bu layihə Azərbaycanı Naxçıvanla Ermənistan ərazisindən keçməklə birləşdirəcək dəmir yolunun bərpasını nəzərdə tutur. TRIPP həm iqtisadi sinxronizasiya, həm də yeni müharibə risklərinin azaldılması baxımından Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıyır. Vaşinqton bu layihənin nəticəsini 2026 seçkilərindən öncə görmək istəyir, amma Ermənistanın institusional və texniki potensialı kifayət deyil. ABŞ müəyyən resurs və texnologiyalarla bunu kompensasiya edə bilər, amma vaxt azdır, kadr çatışmazlığı böyükdür, üstəlik amerikalılar hələ də Aİ və tərəfdaşlar vasitəsilə işləməyə məcburdur.
İrəvanın əsas problemi - idarəetmə böhranıdır. Paşinyan hələ də "mətbəx inqilabı" modelində işləyir: etimad peşəkarlığın yerini tutur, komanda dar çevrədən ibarətdir, dövlət aparatı isə ləng, mexaniki və köhnə üsulla işləyir.
Bütün bu məsələlər 2026-cı ilin iyunundan sonra Ermənistanın siyasi gündəminin mərkəzinə çevriləcək.
Ölkə elə bir mərhələyə qədəm qoyur ki, onun taleyi artıq millətçi mitinqlərdə, diaspor ofislərində və ya populist podkastlarda deyil, regionun soyuq siyasi hesablamasında həll olunacaq.
Ermənilər indi qərar verməlidir: ölkə keçmişin revanşizminə qapılmış bir "nostalji dövləti" kimi qalacaqmı, yoxsa nəhayət, miflərdən imtina edib reallığı seçəcəkmi? "
İbrahim Məmmədli